BAKI, 28 iyul — Sputnik. İyulun 28-nə (saat 11:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 44 mindən artıq uşaq üçün elektron sistem (www.mektebeqebul.edu.az ) vasitəsilə müraciət edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ümumi təhsil müəssisələrinin tədrisi digər dildə aparılan bölmələri üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibədə uğur qazanmış uşaqların I sinfə qəbulu üçün məktəb seçimi davam edir.
Valideyn (qanuni nümayəndə) şəxsi kabinetə daxil olaraq qeydiyyatda olduğu ünvana uyğun təhsil müəssisəsinə sorğu yerləşdirə bilər. Müsahibənin nəticəsi məqbul hesab edilməyən uşaqların valideynləri isə Azərbaycan bölməsi üzrə müraciət edə bilərlər.
Ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi tibbi-profilaktik vəziyyət nəzərə alınaraq dəyişdirilib. Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərin (qanuni nümayəndələrin) Alternativ qeydiyyat mərkəzlərinə gəlməsinə ehtiyac yoxdur.
Belə ki, elektron qeydiyyatdan keçə bilməyən valideynlər "Whatsapp" nömrələr (+994 55 892-27-51, +994 55 892-95-89, +994 55 892-63-90) vasitəsilə müvafiq məlumatları iş günləri ərzində saat 10:00-dan 16:00-dək işçi qrupa təqdim edə bilərlər. İşçi qrup tərəfindən müvafiq məlumatlar əsasında özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə zəruri köməklik göstəriləcək. Valideynlər digər bütün hallarla bağlı mektebeqebul.edu.az elektron portalında şəxsi kabinetlərindəki "Əks əlaqə" bölməsi vasitəsilə müraciət ünvanlaya bilərlər.
Valideynlər onları maraqlandıran suallarla bağlı iş günləri ərzində Təhsil Nazirliyinin Telefon məlumat mərkəzinə (nömrə 146) və BŞTİ-nin Məlumat sorğu mərkəzinə (012 599-12-22) zəng etməklə cavab ala bilərlər. Bu yenilik valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, növbəliliyin aradan qaldırılması və mövcud vəziyyətlə əlaqədar tibbi-gigiyenik normaların qorunması məqsədlərinə xidmət edir.
Onu da qeyd edək ki, birinci sinfə elektron qeydiyyat sisteminin (https://mektebeqebul.edu.az) tətbiqi "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.