CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sudan ödənişli istifadə qaydaları dəyişəcək

© Sputnik / Evgeniy Odinokov / Mediabanka keçidSu kranı
Su kranı - Sputnik Azərbaycan
Abunə olmaq
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti su ehtiyatlarının qiymətləndirilməsi və onlardan səmərəli istifadənin təmin edilməsi ilə bağlı Komissiyanın fəaliyyətinə peyk xidmətləri vasitəsilə zəruri dəstək göstərəcək

BAKI, 27 iyul — Sputnik. Prezident İlham Əliyev su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan bildirir ki, sərəncama əsasən, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib.

Sənədə görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti hər il ölkə üzrə son üç ilin faktiki, cari ilin gözlənilən və növbəti ilin proqnoz göstəriciləri əsasında su təsərrüfatı balansını təsdiq etməli, həmçinin Azərbaycan Respublikası Su Məcəlləsinin 97-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq, sudan ödənişli istifadə qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etməli və təsərrüfat subyektləri arasında sudan ödənişli istifadəyə dair uçotun həmin qaydalara uyğun təşkilini təmin etməlidir.

“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyaya (bundan sonra - Komissiya)  bu Sərəncamla təsdiq edilmiş Tədbirlər Planının icrası zamanı dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirmək və görülən işlərin nəticələri barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat təqdim etmək həvalə olunub.

Eləcə də Komissiya suvarma, içməli su təchizatı, energetika və sənaye sahələrində su ehtiyatlarından səmərəli və qənaətli istifadəni təmin etmək məqsədilə elmi müəssisələrlə (təşkilatlarla), mütəxəssislərlə, qeyri-hökumət təşkilatları ilə, beynəlxalq ekspertlər və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı təmin etməlidir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi isə bu Sərəncamla təsdiq edilmiş Tədbirlər Planının 4.5-ci, 4.6-cı, 5.1-ci, 5.3-cü, 5.4-cü və 5.5-ci bəndlərində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı torpaqların dövlət kadastrı və daşınmaz əmlakın dövlət reyestri üzrə müvafiq məlumatların “Azmelsutəsərrüfat” ASC-yə və “Azərsu” ASC-yə təqdim olunmasını təmin etməlidir.

İqtisadiyyat və Maliyyə nazirlikləri birlikdə bu Sərəncamda nəzərdə tutulan tədbirlərin icrası üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini həmin tədbirlərin icra müddətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidirlər.

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti su ehtiyatlarının qiymətləndirilməsi və onlardan səmərəli istifadənin təmin edilməsi ilə bağlı Komissiyanın fəaliyyətinə peyk xidmətləri vasitəsilə zəruri dəstək göstərəcək.

Xəbər lenti
0