BAKI, 26 iyul – Sputnik. 1939-cu ildə lentə alınan “Küləklə sovrulanlar” filmində əsas obrazlardan biri - Melani Hamiltonu canlandıran aktrisa Olivia de Havilland bu gün 104 yaşında vəfat edib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, aktrisa Parisdəki evində dünyasını dəyişib.
Qeyd edək ki, Olivia de Havilland 1916-cı ilin iyulun 1-də Tokioda anadan olub.
Valideynləri ayrıldıqdan sonra “gələcək ulduz” anası və bacısı ilə birlikdə Kaliforniyaya köçüb.
18 yaşına çatanda “Warner Brothers” studiyası ona ilk müqaviləsini təklif edib.
Peşəkar karyerası boyunca de Havilland iki dəfə “Oskar” mükafatına, iki dəfə “Qızıl Qlobus”a layiq görülüb.