BAKI, 25 iyul — Sputnik. Türkiyənin Xarici İşlər Nazirliyi Yunanıstanda Türkiyə bayraqlarının yandırılmasına sərt reaksiya verib.
Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, Yunanıstanın Saloniki şəhərində radikal bir qrup Aya Sofyanın yenidən ibadətə açılmasına etiraz edərək Türkiyə bayraqlarını yandırıb.
Hadisə ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy sərt açıqlama verib: "Yunanıstan Aya Sofya məscidinin ibadətə açılmasına reaksiya verməsilə İslama və Türkiyəyə qarşı düşmənliyini bir daha ortaya qoyub. Yunanıstan hökumətinin və parlament üzvlərinin Saloniki şəhərində şanlı bayrağımızın yandırılmasına icazə verməsini qətiyyətlə qınayırıq. Tarixdən dərs almamış bu irqçi düşünənlərin bayrağımıza hörmətsizlik edənlərin Egedəki aqibətini yaxşı xatırlamaları lazımdır. Milli suverenliyindən istifadə ilə bağlı heç bir ölkə Türkiyəyə dərs verə bilməz...".
Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldakı Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verib. Danıştay (dövlət idarəçiliyi ilə bağlı işlərə baxan məhkəmə) Aya Sofyanın məsciddən muzeyə çevrilməsinə dair 24 noyabr 1934-cü il tarixli Nazirlər Kabinetinin qərarını ləğv edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı məhkəmənin qərarı əsasında imzaladığı fərmanla Aya Sofyanın Türkiyə Diyanət İşləri Başqanlığının balansına verilməklə ibadətə açılmasına qərar verilib.
Aya Sofyada 86 ildən sonra cümə namazı qılınıb. Cümə namazına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin vitse-prezidenti Fuat Oktay, Türkiyə parlamentinin sədri Mustafa Şentop, MHP sədri Dövlət Baxçalı, sabiq Baş Nazir Tansu Çiller, hökumət üzvləri, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Fəxrəddin Altun, Diyanət İşləri Başqanı Ali Erbaş və digər şəxslər qatılıblar.