Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 24 iyul — Sputnik. Təcili tibbi yardım avtomobilləri ilə xəstəxanalara aparılan koronavirus xəstələrinin tibb müəssisələri tərəfindən qəbul edilməməsi artıq ciddi problemə çevrilib. Bunu Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının baş həkimi Rauf Nağıyev də etiraf edib.
Amma R.Nağıyev açıqlamasında yaranmış problemin təcili yardımla bağlı olmadığını deyib. Onun sözlərinə görə, təcili tibbi yardım briqadaları xəstələri siyahı əsasında boş çarpayı olan xəstəxanalara çatdırır. Artıq xəstəni qəbul etmək xəstəxananın işidir. Baş həkim bəzən siyahıda boş çarpayısı olan xəstəxanaların xəstələri qəbul etmədiyini, təcili tibbi yardım briqadalarının saatlarla xəstəxanaların qarşısında gözlədiyini söyləyib. O bildirib ki, hər 3 saatdan bir TƏBİB tərəfindən onlara COVID-lə mübarizə aparan müəssisələrin çarpayıları haqda məlumat göndərilir: "Biz də o məlumata istinad edərək xəstələri böyük çətinliklə xəstəxanalara yerləşdiririk. Baxmayaraq ki, sərbəst yerlər verirlər və hər dəfə biz xəstəni aparanda orada böyük problemlərlə rastlaşırıq. Gah deyirlər siyahıda adı gəlməyib, gah deyirlər TƏBİB yer vermədi. Belə məsələlərlə üzləşirik, briqadalarımız saatlarla qapılarda qalır".
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası baş həkiminin müalicə işləri üzrə müavini İradə Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, problemin yaranması əsasən xəstəxanalarda boş yerin göstərilməməsi ilə bağlıdır. İ.Əliyeva deyir ki, təcili yardım xəstələri boş çarpayı olan xəstəxanalara çatdırır. Onun sözlərinə görə, boş yer olmadıqda xəstənin özü və yaxınları xəstəxana ilə əlaqə saxlayır: "Xəstə özü xəstəxanalarla əlaqə saxlayır, hansı xəstəxanada boş yer olursa, təcili yardım xəstəni o tibb müəssisəsinə aparır. Çünki bizə boş yerlə bağlı çox az məlumat verilir. Xəstəni aparırıq xəstəxanaya, orda da saatlarla qapıda gözlədirlər. Nəticədə maşında gözləməkdən xəstənin vəziyyəti ağırlaşır. Təcili yardım avtomobillərinin oksigen balonu azdır. O balon xəstəni xəstəxanaya çatdıranadək vəziyyətdən çıxartmaq məqsədilə istifadə edilməlidir. Amma xəstə saatlarla maşında qaldığından digər təcili yardım avtomobilindən oksigen balonu gətiririk ki, xəstə boğulmasın. Həkimlərimiz çox əziyyət çəkirlər".
Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirus xəstələrinin xəstəxanalara çatdırılması sistemli şəkildə həyata keçirilməlidir: "TƏBİB hansı xəstəxanada boş çarpayı varsa, məlumatları təcili yardıma göndərməlidir. Bu məlumat əsasında da xəstələr boş çarpayı olan xəstəxanalara çatdırılmalıdır. Yəni, kor-koranə, xəstənin istəyi əsasında xəstəni hansısa xəstəxanaya aparmaq olmaz. Bu zaman əlbəttə ki, xəstə qəbul şöbəsində gözlədiləcək. Xəstəxana xəstəni boş yer varsa, qəbul edə bilər. Bu iş çox təəssüf ki, düzgün qurulmayıb. Bəzən xəstələrdən bu məqsədlə pul tələb edilir. Bu halların baş verməməsi üçün xəstəxanalarda dolu və boş çarpayı sayı sistemdə düzgün əks olunmalıdır. Necə ola bilər ki, xəstə zəng etdiyi halda xəstəxanada yer olur, bu sistemdə düzgün göstərilmir. Bu arzuolunmaz hallar aradan qaldırılmalıdır".
Professor Adil Qeybulla isə yaranmış problemin işin iki qurum arasında bölüşdürülməsindən qaynaqlandığını söyləyir: "Bu proses zəncirvari şəkildə bir-birinə bağlıdır. Həm TƏBİB-ə, həm də Səhiyyə Nazirliyinə koronavirus xəstələri ilə bağlı iş tapşırılıb. Ona görə də proses mərkəzdən idarə olunmalıdır. Bu zəncirin bir qolu işini axsadanda ümumi işə xələl gəlir. İndiki vəziyyət də belədir. Xəstələri Səhiyyə Nazirliyinin balansındakı qurum daşıyır, stasionar xidməti TƏBİB-in balansındakı tibb müəssisəsi göstərir. Ona görə də stasionarda nə qədər yer olduğundan Səhiyyə Nazirliyinin məlumatı olmur. Səhiyyə Nazirliyinin bu işdə təcrübəsi və kadr potensialı daha böyükdür. Buna baxmayaraq stasionar tibbi xidmət başqa qurumun tabeliyindədir. Üstəlik xəstəxanalarda yer defisitliyi var. Bu halda isə rüşvət, tapşırıq kimi məsələlərin gündəmə gəlməsi qaçılmazdır. Ya gərək hər iki qurum gücünü birləşdirib əl-ələ verib düzgün işləsin, yaxud da koronavirus xəstələri ilə bağlı işlər bir qurumun səlahiyyətinə verilsin. Əks halda, bunun problemini xəstələr çəkməkdə davam edəcək".
Qeyd edək ki, Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyası bu yaxınlarda TƏBİB-in balansından çıxardılaraq Səhiyyə Nazirliyinə verilib. Mətbuatın yazdığına görə, səbəb TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlının Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının baş həkimi Rauf Nağıyevi işdən azad etmək istəyi olub.