Zaqataladakı 145 hektar sahədə salınmış qızılgül sahəsi əsl cənnəti xatırladır. Əraziyə yaxınlaşan andan hər kəsi bihuş edən ətrə malik bu güllər xüsusilə efir yağlarının istehsal edilməsi üçün yetişdirilir. Gülləri yığmaq və yağ istehsalı prosesinə başlamaq üçün 1500 nəfərə qədər mövsümi işçi çalışıb.
“AzRose” şirkətinin baş aqronomu Abdulla Qurbanov bildirib ki, bu güllər mütləq səhər tezdən şehli yığılmalıdır. Əks halda, şeh quruduqdan sonra toplanan gülün keyfiyyəti də azalır.
Plantasiyada bitən “Dəməşq” və “Raduqa” qızılgül növləri xüsusilə Bolqarıstandan gətirilib və efir yağının istehsalı üçün mükəmməl hesab edilir. Yağdan başqa isə onlardan gülqənd, mürəbbə, gülab, krem və losyonlar, hətta suvenirlər belə hazırlamaq olar.
Yağlar daha çox Avropa bazarlarına ixrac üçün hazırlandığı üçün yetişdirilməsində yalnız orqanik bio-gübrə və dərmanlardan istifadə edilir.
Artıq üç ildir yağ istehsalı ilə məşğul olan şirkətin texnoloqu Təbriz Allahverdiyev isə bizə prosesi başa salıb.
“Əvvəlcə gül ləçəklərindən distilyar qazanlarında gül suyu alınır, daha sonra isə voronik qazanlarda onlar dəfələrlə filtrə edilir və yağ əmələ gəlir”, - deyə texnoloq bizə başa salıb.
Bu cür ekoloji təmiz yağın qiyməti isə olduqca yüksək olur. Sintetik yağların 1 qramı 2-5 manat arası olduğu halda, texnoloqun sözlərinə görə, bu cür istehsal edilən yağların bir qramı 8500 avro civarında dəyərləndirilir. Buna görə də orqanik məhsulların alıcıları əsasən iri kosmetika, ətir və dərman istehsal edən şirkətlər olur.