CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərhədlərin açılması ilə iş bitmir, gərək bunun fəsadlarına hazır olaq

© Photo : REPORT Астаринский таможенно-пропускной пункт
 Астаринский таможенно-пропускной пункт - Sputnik Azərbaycan
Abunə olmaq
Deputat Arzu Nağıyev: Sərhədi açıb vətəndaşları neytral zonada qoymaq yoluxma sayını daha da artıra bilər.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 iyul — Sputnik. Ötən gün Gürcüstan-Azərbaycan sərhədinin birtərəfli qaydada açılacağı barədə məlumatlar yayılıb. Gürcüstan vətəndaşlarının yaxın günlərdə Azərbaycandan qonşu ölkəyə keçmələrinə icazə veriləcəyi bildirilib. Artıq 140 nəfər "Sınıq körpü" sərhəd-keçid məntəqəsinin yaxınlığında toplaşıb. Sputnik Azərbaycan pandemiya dövründə Azərbaycanın hansı qonşu dövlətlərlə sərhədlərini açmasının mümkünlüyünü araşdırıb.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şurasının sədri, miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan sərhədi birtərəfli açıqdır. Azərbaycan da öz vətəndaşlarını qəbul edir. Həssas təbəqədən olan vətəndaşlarımız quru yolla ölkəmizə sərhəddən keçərək gəlirlər. Amma onlar iki həftə karantində qalırlar: “Bu gün Azərbaycanla sərhəddə minlərlə vətəndaşımız var. Onların hamısının ölkəmizə birdən-birə gəlməsi mümkün deyil. Çünki, həmin şəxslər qaydalara əsasən iki həftə karantində qalmalıdırlar. Bu qədər insana yer çatdırmaq da mümkün deyil. Ona görə də, düşünürəm ki, həmin vətəndaşlarımız hissə-hissə ölkəmizə keçə bilərlər".

Allahverənovun sözlərinə görə, sərhədlərin açılması ikitərəfli razılaşma əsasında olmalıdır: "Azərbaycan tərəfinin digər ölkə ilə sərhədi açması diplomatik razılaşma əsasında həyata keçirilir. Sərhədi açıb vətəndaşları neytral zonada qoymaq yoluxma sayını daha da artıra bilər. Amma test etməklə ola bilər ki, sərhəddə gözləyən vətəndaşlar ölkəmizə, bizdən digər qonşu ölkələrə gedə bilsinlər. Bunun üçün mütləq qonşu ölkə də sərhədi açıb vətəndaşı qəbul etməlidir".

Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Arzu Nağıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sərhədlərin açılması kortəbii şəkildə baş tuta bilməz. Bu, dövlətin himayəsində həyata keçirilməlidir:

"Sərhəddə gözləyən vətəndaşların hamısını karantinə almaq onları üç dəfə yeməklə, yaşayış yeri ilə təmin etmək elə də asan deyil. Xarici İşlər Nazirliyi əvvəlcə sərhəddə gözləyənlərin siyahısını hazırlamalıdır. Bundan sonra ancaq dövlət qurumlarının nəzarəti altında həmin vətəndaşlar ölkəmizə gətirilə bilər”.

Arzu Nağıyev qeyd edib ki, sərhədləri açmaq üçün hər iki ölkə buna hazır olmalıdır. “Biz sərhədi birtərəfli açmaqla iş düzəlmir. Gərək digər tərəf sərhəddən keçənləri qəbul etsin", - deputat əlavə edib.

Xəbər lenti
0