Azərbaycanın icmal büdcəsində kəsir yaranıb

© Sputnik / Murad OrujovКупюра номиналом в 100 AZN, фото из архива
Купюра номиналом в  100 AZN, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yarım ildə dövlət büdcəsinin mədaxili 12 milyard 22,7 milyon manat və ya proqnoza qarşı 338,2 milyon manat, 2,9 faiz çox icra olunub

BAKI, 23 iyul — Sputnik. Cari ilin 6 ayında dövlət büdcəsinin mədaxili 12 milyard 22,7 milyon manat, xərcləri 11 milyard 730,8 milyon manat olub, 291,9 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, yarım ildə dövlət büdcəsinin mədaxili 12 milyard 22,7 milyon manat və ya proqnoza qarşı 338,2 milyon manat, 2,9 faiz çox icra olunub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4 milyard 5,4 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 326,6 milyon manat və ya 8,9 faiz çoxdur. Həmin vəsaitin 72,4 faizi və yaxud 2 milyard 899,5 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 367,7 milyon manat və ya 14,5 faiz çoxdur.

İlin birinci yarısında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 2 milyard 19,3 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 98,1 milyon manat və ya 5,1 faiz çoxdur. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar üzrə ödənişli xidmətlər və sair daxilolmalardan müvafiq olaraq 266,4 və 56,6 milyon manat vəsait büdcəyə daxil olub.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulmuş həcmdə, yəni 5 milyard 675 milyon manat vəsait transfert edilib.

Aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxil proqnozu 4 milyard 211,7 milyon manat icra olunub.

Altı ayda dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,9 faiz və yaxud 11 milyard 730,8 milyon manat icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 779,8 milyon manat və ya 7,1 faiz çoxdur. İqtisadi təsnifata uyğun olaraq cari ilin 6 ayında dövlət büdcəsi xərclərinin 42,5 faizi və ya 4 milyard 984,4 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,1 faiz və ya 1 milyard 30,7 milyon manat çoxdur. Yarım ildə dövlət büdcəsi xərclərinin 8 milyard 298,2 milyon manatı və ya 70,7 faizi cari xərclərə, 2 milyard 551,9 milyon manatı və ya 21,8 faizi əsaslı xərclərə, 880,7 milyon manatı və ya 7,5 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib. Hesabat dövründə büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib. Aprel-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri 6 milyard 476,2 milyon manat icra edilib.

Bu ilin 6 ayında dövlət büdcəsində 291,9 milyon manat profisit yaranıb. Dövlət büdcəsinin profisitinin proqnoza qarşı artması əsasən dövlət büdcəsinə fiskal orqanları (Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi) tərəfindən gəlir proqnozlarının artıqlaması (424,7 milyon manat) ilə təmin edilməsi hesabına olub.

Yarım ildə icmal büdcənin gəlirləri 12 milyard 370,5 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyard 222,9 milyon manat və ya 29,7 faiz azdır. İcmal büdcənin xərcləri isə 12 milyard 884,4 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 203,7 milyon manat və ya 10,3 faiz çoxdur. İcmal büdcədə 513,9 milyon manat kəsir (defisit) yaranıb.

Xəbər lenti
0