BAKI, 22 iyul — Sputnik. İyulun 19-da saat 12 radələrində Ağsu rayon sakini, 1988-ci il təvəllüdlü Məxliqə Fərəcovanın müalicə olunduğu A.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında ölməsi barədə məlumat daxil olub.
Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib.
İlkin araşdırmalarla müəyyən edilmişdir ki, iyulun 11-də Məxliqə Fərəcova Ağsu Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə yolu ilə cərrahiyyə əməliyyatı olunaraq uşaq dünyaya gətirib, lakin iyulun 13-də səhhəti kəskin pisləşdiyindən o, A.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq Məxliqə Fərəcova iyulun 19-da vəfat edib.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.