Ölkədə ağır cinayətlərin sayı durmadan artır: Koronavirus adamların həyatını alt-üst edib

© Depositphotos.com / InnovatedcapturesМужчина в капюшоне прячется в тени улицы
Мужчина в капюшоне прячется в тени улицы - Sputnik Azərbaycan
Abunə olmaq
Sosioloq Nigar Əlizadə: İş yerlərinin fəaliyyətini dayandırması, maddi sıxıntıların artması, xəstəliyə yoluxma təhlükəsi, yaxınları itirmək qorxusu insanları psixoloji baxımdan gərginləşdirib. İnsanlar arasında doğmalıq, mərhəmət, şəfqət hissləri qalmayıb.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 21 iyul — Sputnik. Son zamanlar ölkədə ağır cinayətlərin artmasına koronavirus pandemiyanın da təsiri var. Bunu ölkədəki kriminogen vəziyyəti Sputnik Azərbaycan-a şərh edən psixoloq Ramin Hacıyev deyib.

Son zamanlar Azərbaycanda ağır cinayətlərin sayında artım müşahidə edilir. Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, təkcə iyulun 11-də ölkə ərazisində 5 qətl hadisəsi törədilib. Hadisələri təhlil edəndə məlum olur ki, qətllər daha çox ailə-məişət zəminində baş verib. Oğul atanı, qardaş qardaşı, ər arvadını amansızcasına öldürüb.

Bəs insanları bu qədər qəddar, amansız olmağa nə vadar edir? Ölkədə pandemiya ilə bağlı tətbiq edilən karantin rejiminin buna təsiri varmı?

Psixoloq Ramin Hacıyev Sputnik Azərbaycan-a bildirib ki, son zamanlar tətbiq edilən karantin rejimi insanları yaxınlaşdırıb. Yəni küçəyə çıxmağa qoyulan qadağa səbəbindən insanlar bir yerdə daha çox zaman keçirir. Əgər əvvəllər hamı işdə, küçədə-bacada olurdusa, indi hamı evdədir. Bu da insanların psixoloji vəziyyətinə təsir edir.

"İnsanlar biryerdə vaxt keçirdikcə, bir-birini nədəsə ittiham edir, bəzən köhnə mövzuları aktuallaşdırırlar. Çoxdan bağlanmış mövzular, nə vaxtsa yaşanmış hadisələr baş qaldırıb daha ağır formada özünü biruzə verir", - deyən psixoloqa görə, mübahisələr əsassız yaranmır. Hər birinin kökü olur. Bununla yanaşı, ekspert hesab edir ki, insanlar arasında psixoloji gərginliyə kənar amillər də təsir göstərir. Koronavirus pandemiyası və onun gətirdiyi stress, karantin rejimi də öz köməkçi rolunu oynayır:

"Yaxın qohumlar bir-birinə xəsarət yetirirsə və bu ölümlə nəticələnirsə, burada pandemiya dövrü də böyük rol oynayır. Bu dövr hərəyə müxtəlif cür təsir göstərir. İnsanlar həm sosial-iqtisadi problemlərin məngənəsində sıxılır, həm də psixoloji sarsıntı keçirirlər", - deyən mütəxəssisin sözlərinə görə, baş verən hadisələrin araşdırılması zamanı bəzilərinin affekt vəziyyətdə törədildiyi ortaya çıxır.

"Affekt vəziyyəti insanın hər hansı hadisənin təsiri ilə özünə nəzarəti itirməsidir. Bu zaman insan özünə və ya digərlərinə xəsarət yetirə, zərər verə bilər. Affekt sözünün əmələ gəldiyi "affektus" yunan dilindən tərcümədə daxili gərginlik, həyacan deməkdir. Affekt vəziyyətində insan reallıqla bağlantısını itirmiş olur, atdığı addımların, etdiyi hərəkətlərin fərqində olmur. Ancaq affekt vəziyyətə düşmək insanların cinayət törətməsinə haqq qazandırmır", - deyən psixoloq onu da vurğulayıb ki, affekt vəziyyətdən çıxdıqdan sonra insan kiməsə xəsarət yetirdiyini, cinayət törətdiyini anlayır. Bundan sonra isə başqa bir psixoloji vəziyyət başlayır. Bu zaman insan özünü günahkar hiss edir və elə günahkarlıq hissi ilə də yaşayır.

"Affekt vəziyyətində olan insan işıqforun qırmızı işığının belə fərqinə varmır. Bəzən insan daxilən hər hansı bir məsələni o qədər şişirdə bilər ki, bu zaman öz hərəkətlərinə nəzarəti itirər", - psixoloq deyib.

Sosioloq Nigar Əlizadə də hesab edir ki, pandemiya dövrü insanlara sosial-iqtisadi və psixoloji baxımdan təsir edir.

"İş yerlərinin fəaliyyətini dayandırması, maddi sıxıntıların artması, xəstəliyə yoluxma təhlükəsi, yaxınları itirmək qorxusu insanları psixoloji baxımdan gərginləşdirib. İnsanlar arasında doğmalıq, mərhəmət, şəfqət hissləri qalmayıb. Hər kəs yalnız öz maddi mənafeyini düşünür", - deyən sosioloqa görə, ölkədə artan cinayətkarlığın başlıca səbəbi insanların psixoloji vəziyyətinin qaydada olmamasıdır.

Sosioloq hesab edir ki, psixi baxımdan sağlam olan insan cinayətkar ola bilməz. Ona görə də dövlət, vətəndaşlarının psixi sağlamlığının qayğısına qalmalıdır.

Xəbər lenti
0