BAKI, 21 iyul — Sputnik. On dörd yaşlı əfqan qız valideynlərinin öldürülməsindən sonra "Taliban" radikal hərəkatının iki döyüşçüsünü avtomatla güllələyib, daha bir neçə yaraqlını yaralayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə yerli polis rəisi Frans Press agentliyinə müsahibəsində bildirib.
Hadisə Əfqanıstanın Qor əyalətindəki kəndlərindən birində baş verib. Taliblər təxminən 14 yaşında olan Qəmər Gülün evinə soxularaq rəsmi hökumətə dəstək verdiyinə görə onun atasını axtarıblar. Taliblər ailə başçısını evdən çıxararaq öldürüblər. Qızın ərini müdafiə etməyə çalışan anası da yaraqlılar tərəfindən öldürülüb.
"Bu zaman evə girən Qəmər Gül ailələrinə məxsus AK-47 avtomatını götürərək əvvəlcə valideynlərini öldürən iki "Taliban" yaraqlısına atəş açıb, sonra isə daha bir neçə yaraqlını yaralayıb", - deyə yerli polis rəisi Həbibirəhman Malekzadə bildirib.
Əyalət qubernatorunun nümayəndəsi bildirib ki, hazırda əfqan hərbçiləri Qəmər Gülü və onun kiçik qardaşını "daha təhlükəsiz yerə" aparıblar.
Əfqanıstanda hökumət qüvvələri ilə əvvəllər ölkənin kənd rayonlarında əhəmiyyətli bir əraziyə sahib olan və böyük şəhərlərə hücum edən radikal "Taliban" hərəkatının yaraqlıları arasında toqquşmalar baş verir. Həmçinin ölkə ərazisində "İslam Dövləti" (İŞİD) terror qruplaşmasının təsiri güclənib. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri bütün ölkədə terrorizmə qarşı birgə əməliyyatlar həyata keçirirlər.