Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 21 iyul — Sputnik. Müdafiə Nazirliyi son zamanlar sosial şəbəkələrdə Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun guya vəzifədən azad edilməsi və qardaşının Ermənistan ordusunda yuxarı vəzifə tutması barədə yayılan xəbərlərlə bağlı rəsmi açıqlama yayıb.
Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.
"Bu xəbərlər yalandır, iftiradır və qarşı tərəfin təxribat məqsədilə yaydığı dezinformasiyadır. Təəssüflər olsun ki, son vaxtlar bu mövzuda xəbərlərin tez-tez sosial şəbəkələrdə yayılması və müzakirə edilməsi bunun qərəzli və cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədilə həyata keçirildiyini açıq-aydın göstərir.
Bildiririk ki, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov hazırda xidmət yerindədir və vəzifələrini icra edir.
Eyni zamanda qeyd edək ki, general-polkovnik Nəcməddin Sadıkovun qardaşı keçən əsrin 80-ci illərinin əvvəlində vəfat edib. Belə bir həssas məqamlarda bu cür həqiqətə uyğun olmayan mövzuların müzakirə obyektinə çevrilməsi heç bir etik normalara sığmır.