Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 20 iyul — Sputnik. İtaliya yeni pandemiya dalğasını təsbit etmək üçün tullantı suları analiz edəcək.
İtaliyanın Səhiyyə Nazirliyinin nəzdində olan Yüksək Səhiyyə İnstitutu bu aydan başlayaraq turizm bölgələrində, oktyabrdan etibarən isə bütün ölkə ərazisində tullantı suları analiz ediləcəyini bildirib. Bu üsulla virusun yayılmağa başladığı bölgələrdə erkən mərhələdə vəziyyət təsbit ediləcək.
2019-cu ilin oktyabrından 2020-ci ilin fevralınadək İtaliyada aparılan araşdırmalar nəticəsində, tullantı sularda COVID-19-un olduğu müəyyən edilib. Bundan iki ay sonra isə İtaliyada ilk yoluxma faktı qeydə alınıb. Son rəqəmlərə görə, hazırda İtaliyada koronavirusdan dünyasını dəyişənlərin sayı 34 min 914, ümumi yoluxma sayı isə 242 min 149 olub.
Bəs, Azərbaycanın tullantı sularında vəziyyət necədir?
"Azərsu" ASC-dən Sputnik Azərbaycan-a bildirilib ki, onlar suyun toplanması, təmizlənməsi və yenidən dənizə buraxılması ilə məşğul olmaqla yanaşı, bir sıra analizlər də aparırlar. Lakin qurumun suyun tərkibində koronavirusun olub-olmadığını yoxlamaq imkanı yoxdur. Çünki "Azərsu"da bunun üçün lazım olan aparat mövcud deyil.
Xatırladaq ki, İtaliya ilə yanaşı Almaniya da suların tərkibində COVID-19 virusunun ola biləcəyi ehtimalını irəli sürmüşdü.
Tibb sahəsi üzrə ekspert Adil Qeybulla Sputnik Azərbaycan-a bu barədə açıqlamasında deyib ki, Almaniya içməli sulardan da ehtiyatlı olmaq lazım gəldiyi barədə xəbərdarlıq edib.
"Bu gün xarici ölkələrin əksəriyyətində su krandan içməli vəziyyətində istehlaka verilir. Lakin bununla yanaşı, aparılmış tədqiqatlar krandan su içməyin də riskli olduğunu göstərdi", - deyən ekspert, suyun bakterioloji tərkibinə diqqət yetirməyin zəruri olduğunu qeyd edib:
"Suyun bakterial çirklənməsi anlayışı var. Bu zaman suya müxtəlif mikroblar, bakteriyalar qarışmış olur. Suda COVID-19-un aşkarlanması isə insan ifrazatlarına bağlıdır. İfrazat kanalizasiya vasitəsilə axıdıldığından, çirkab sularda COVID-19-un tapılması mümkündür. Düşünürəm ki, kanalizasiya sularının dezinfeksiya edilməsi istiqamətində də hansısa işlər aparılmalıdır".