BAKI, 20 iyul — Sputnik, Kəmalə Əliyeva. Rəqqas Yeqor Anisimov öz evində qeyri-adi akvarium yaradıb. Bu akvariumda balıqlarla yanaşı, müxtəlif heyvanların kəllə sümükləri də yer alıb.
Anisimov etiraf edib ki, belə bir orijinal dekoru olan akvarium çoxdankı arzusudur və nəhayət, istəyini həyata keçirə bilib.
Rəqqas özünün qeyri-adi yaradıcılıq nümunəsini bu günlərdə sosial şəbəkələrdə paylaşıb və abunəçilərini şoka salıb.
"Tam təsadüfən dostumun studiyasına getdim və orada təbii şəkildə qurumuş kəllə sümükləri gördüm. O, bu sümüklərdən evinin dekorasiyası üçün istifadə etmək istəyirdi. Mən ondan inək və öküzün kəlləsini istədim. Onları altı ay suda islatdım, suyu bir neçə dəfə dəyişdim. Artıq görəndə ki, kəllə sümüyünün batırıldığı su kristal təmizdir, akvariuma bir balıq buraxdım. O, kəllə olan suda bir həftə sakit yaşadı. Akvariumumda bir it kəlləsi də var. Mən bu akvariumun üstündə çox əlləşdim. Kimsə belə bir dekoru görəndə şok keçirdi, kimsə həqiqətən heyran qaldı, mən isə sadəcə, daha bir ideyamı həyata keçirmiş olmuş. Düşünürəm ki, hər şey çox uğurlu alınıb", - deyə Anisimov bildirib.
Yeqor Anisimov 25 ildir rəqs, 10 ildir müəllimlik fəaliyyəti ilə məşğul olur. "The Legend dance studio" rəqs studiyasının sahibidir. Onun şagirdləri müasir rəqslər üzrə Azərbaycan və Gürcüstan çempionlarıdır.