BAKI, 19 iyul — Sputnik. Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində hərbi təxribatı ilə bağlı kommünike qəbul edib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, kommünikedə Qoşulmama Hərəkatının (QH) üzv dövlətləri Ermənistan silahlı qüvvələrinin Azərbaycan silahlı qüvvələrinin mövqelərinə qarşı artilleriya qurğularından istifadə etməklə iki dövlətin beynəlxalq sərhədi boyunca hücumunu qətiyyətlə pisləyib. Bu insidentin bölgədə hərbi gərginliyin artmasına və çoxsaylı itkilərə səbəb olduğu vurğulanıb.
QH Əlaqələndirmə Bürosu Ermənistan və Azərbaycan arasındakı münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllini dəstəklədiyini bir daha təsdiq edib.
QH üzv dövlətləri Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstəyini bildirərək, Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü bərpa etmək məqsədilə göstərdiyi səylərlə həmrəy olduqlarını ifadə ediblər.
Beləliklə də, QH-nin 120 üzv dövləti Ermənistan silahlı qüvvələrinin iki ölkə sərhəddində son hərbi təxribatı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini ifadə edib.
Öz növbəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatına təşəkkür edib.
“Biz Qoşulmama Hərəkatının 120 üzv dövlətinə Ermənistan Silahlı Qüvvələrinin bu yaxınlarda iki dövlətin beynəlxalq sərhədində hərbi təxribatı ilə bağlı sərt mövqeyini ifadə etməsinə və münaqişənin nizama salınması üzrə öz prinsipial mövqeyini təsdiq etmələrinə görə minnətdarıq” - Bayramov bildirib.