BAKI, 19 iyul — Sputnik. "Qlobal güc tətbiqindən irqçiliyə, cinsi və gəlirlər üzrə ayrı-seçkilik və bərabərsizliyə qədər yayılan meyllər bərabərliyə və gələcəyimizə qarşı təhdid kimi çıxış edir. Belə halların qarşısını almaq və aradan qaldırmaq üçün yeni düşüncənin yaranmasına ehtiyacımız var".
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər BMT-nin Baş katibi Antonio Quterreşin "Qeyri-bərabərlik pandemiyası ilə mübarizə: yeni dövr üçün sosial müqavilə" adlı köşə yazısına yer alıb.
"Tez-tez eşidirik ki, iqtisadi artım dalğası bütün gəmiləri suyun üzərində saxlamağa imkan verir. Reallıqda isə artmaqda olan bərabərsizlik bütün gəmiləri batırır. Geniş yayılmış bərabərsizlik COVID-19-la üzləşən dünya dövlətlərində və qlobal səviyyədə qeyri-sabitliyə və sui-istifadə hallarına vüsət açıb.
Virus hər növ bərabərsizliyi üzə çıxarır. Virus ən həssas qrupların səhhəti üçün ən yüksək təhlükə yaradır və onun sosial və iqtisadi təsiri bu fəsadların öhdəsindən gəlməkdə ən çox əziyyət çəkənləri hədəfləyir. Dərhal tədbir görməsək, daha 100 milyon insan yoxsulluğa düçar ola bilər. Biz isə misli görünməyən aclığın şahidi ola bilərik", - deyə o bildirib.
Baş katib qeyd edib ki, hətta COVID-19 pandemiyasından əvvəl belə insanlar hər yerdə bərabərsizliyə qarşı səsini ucaldırdı: "1980-2016-ci illər arasında dünyadakı gəlirlərin ümumi məcmu artımın 27 faizi dünya əhalisinin ən varlı 1 faizinin payına düşürdü. Bununla belə, gəlir səviyyəsi bərabərsizliyin yeganə ölçüsü deyil. İnsanların həyatda aldıqları şanslar onların cinsi, ailəsi, etnik mənşəyi, irqi, əlilliyinin olub-olmaması və digər amillərdən asılıdır. Çoxsaylı bərabərsizliklər faktorları nəsillər boyu üst-üstə gəlir və daha da dərinləşir, nəticədə isə milyonlarla insanın həyatlarını və gözləntiləri onlar dünyaya gəlməmişdən əvvəl artıq təyin olunur.
Bir misal gətirim: insan inkişafının çox yüksək səviyyədə olduğu ölkələrdə 20 yaşında olan gənclərin 50 faizindən çoxu ali təhsil alır. İnsan inkişafı aşağı olan ölkələrdə bu göstərici yalnız 3 faizdir. Daha qorxulu hal isə odur ki, bu ölkələrdə iyirmi il əvvəl doğulan uşaqların 17 faizi artıq vəfat edib".
Corc Floydun qətlindən sonra dünyaya yayılan irqçilik əleyhinə kampaniyadan başlayaraq, təcavüz qurbanı olmuş qadınların səlahiyyət sahibi olan kişiləri sinə durması fonunda ortaya çıxan son ictimai etirazların miqyası mövcud vəziyyətlə barışmamağın daha bir sübutudur: "Bundan əlavə, rəqəmsal inqilab və iqlim böhranı kimi dövrümüzün iki mühüm cərəyanı bərabərsizliyi və ədalətsizliyi daha da dərinləşdirmək gücünə malikdir.
COVID-19 bəşəriyyətin faciəsidir. Eyni zamanda, o, Yeni Sosial Müqavilə və Yeni Qlobal Sövdələşmə kimi iki təməl düşüncəyə əsaslanan daha bərabər və davamlı dünya qurmaq üçün bizim nəslə unikal fürsət yaradır.
Yeni Sosial Müqavilə, hökumətləri, xalqları, vətəndaş cəmiyyətini, biznes dairələri və digərlərini vahid məqsəd ətrafında birləşdirəcək.
Təhsil və rəqəmsal texnologiya, necə öyrənməyi öyrənmək, uyğunlaşmaq və bilik iqtisadiyyatı üçün yeni bacarıqlara yiyələnmək məqsədilə həyatın bütün mərhələlərində fürsət təmin etməklə iki aparıcı qüvvə və bərabərlik zəmini olmalıdır.
Universal səhiyyə xidmətləri ilə əhatə və hər bir insana baza gəlirləri əldə etmək imkanı yaradan sistemlə bərabər gəlir və sərvət üzrə ədalətli vergitutma və yeni nəsil sosial müdafiə siyasətinə ehtiyac duyuruq.
Yeni Sosial Müqavilənin ərsəyə gəlməsi üçün güc, sərvət və imkanların beynəlxalq səviyyədə daha geniş və ədalətli şəkildə bölüşdürülməsini təmin edən yeni Qlobal Sövdələşməyə ehtiyacımız var.
Yeni Qlobal Sövdələşmənin ədalətli qloballaşmaya, hər bir insanın hüquq və ləyaqətinə, təbiətlə tarazlıqda yaşamağa, gələcək nəsillərin hüquqlarına hörmətə və yalnız iqtisadi nailiyyətlə deyil, insanların uğuru ilə qiymətləndirilən meyarlara əsaslanmalıdır".
BMT rəhbəri qeyd edib ki, qlobal təşkilatlarda tam, əhatəli və bərabər iştiraka əsaslanan qlobal idarəetməyə ehtiyac hiss olunur: "İnkişaf etməkdə olan ölkələr, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından başlayaraq Beynəlxalq Valyuta Fondu və Dünya Bankının idarə heyətlərində və digər aparıcı təşkilatlarda daha güclü səsə sahib olmalıdırlar.
İnkişaf etməkdə olan ölkələrinin qlobal dəyər zəncirləri üzrə irəli getməsinə imkan verən daha əhatəli və balanslaşdırılmış çoxtərəfli ticarət sisteminə ehtiyacımız var.
Borc sövdələşmələrinin islahatı və əlverişli kreditə çıxış, yaşıl və bərabərliyə əsaslanan iqtisadiyyata investisiya qoymaq üçün imkanlar açmalıdır.
Yeni Qlobal Sövdələşmə və Yeni Sosial Müqavilə, iqlim dəyişikliyi ilə bağlı Paris Sazişi çərçivəsində verdiyimiz vədi yerinə yetirməyə və 2030-cu ilə qədər sağlam planetdə sülh və rifah naminə qlobal səviyyədə razılaşdırılmış Davamlı İnkişaf Məqsədləri kimi gündəliyimizdə duran əsas hədəflərə nail olmaq üçün dünyanı yenidən inkişaf məcrasına qaytaracaq.
Dünyamız həlledici məqamdadır. Yeni Sosial Müqavilə və Yeni Qlobal Sövdələşmə əsasında bərabərsizliyi aradan qaldırmaqla, daha yaxşı gələcəyə aparan yolu tapa bilərik".