BAKI, 17 iyul — Sputnik. Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 18 iyul gecə 00:00-dan 20 iyul səhər saat 06:00-dək müntəzəm və ekspress xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq. Sputnik Azərbaycan-a bu barədə Bakı Nəqliyyat Agentliyindən verilən məlumatda bildirilir. Bu gün isə müntəzəm və ekspress xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcək. Bazar ertəsi yenidən vətəndaşlara xidmət üçün qarşıdakı iki gün ərzində hazırlıq işləri görüləcək.
Qeyd edək ki, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb. Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır.