BAKI, 17 iyul — Sputnik. Pentaqon ABŞ Prezidenti Donald Trampın haqqında danışdığı yeni hipersəs raketinin sınaqlar zamanı səs sürətini 17 dəfə aşdığını təsdiqləyib.
Sputnik Azərbaycan CNN telekanalına istinadən xəbər verir ki, mayda prezident "istənilən digər sürətli raketdən 17 dəfə sürətli" olan "super-puper" raketin yaradılmasının başlandığı haqqında bəyan edib.
"Əslində o, (Tramp - red.) bu yaxınlarda, martda keçirdiyimiz raket sınağını nəzərdə tutur. Sınaqlar zamanı raketin sürəti səs sürətindən 17 dəfə çox olub", - Pentaqonun nümayəndəsi bildirib.
İyunun sonunda Tramp hipersəs və kosmik texnologiyalar sahəsində proqramların təcili həyata keçirilməsi üçün müharibə və ya fövqəladə hallarda tətbiq olunan müdafiə istehsalı haqqında qanunu işə salmağı əmr edib.
Bir qədər əvvəl Pentaqon Rusiya və Çindən bu sahədə gerilədiyini etiraf edib.