BAKI, 17 iyul — Sputnik. Ermənistan tərəfi Tovuz istiqamətində gedən döyüşlərdə baş verən itkilərini etiraf etməyə davam edir. Sputnik Ermənistan xəbər verir ki, Ermənistan İstintaq Komitəsi döyüşlər zamanı 36 hərbçinin yaralandığını bildirib.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, yaralı erməni hərbçilərdən 20-si xəstəxanaya yerləşdirilib və müvafiq tibbi yardım alıb.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələrinin ölü və yaralı olaraq yüzə yaxın hərbi qulluqçusunu itirdiyini bildirib: "Həmişə olduğu kimi Ermənistan öz hərbi itkilərini ictimaiyyətindən gizlətməyə səylə çalışır. Ancaq bir müddət sonra həqiqət üzə çıxacaq və onlar itkiləri etiraf etmək məcburiyyətində qalacaqlar.
Buna görə də Azərbaycan kütləvi informasiya vasitələrini təxribata uymamağa, Ermənistan mətbuatı tərəfindən yayılan yalan məlumatları tirajlamamağa və onların dezinformasiyalarını ifşa etməyə çağırırıq", - bəyanatda bildirilir.