Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 16 iyul — Sputnik. Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycana məxsus 13 PUA-nın guya vurulduğu barədə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyanın yaydığı məlumat həqiqəti əks etdirmir. Bunu Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.
"Bu yanlış məlumatdır. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələrinin silahlanmasında olan bütün bütün PUA-lar sıradadır, itki yoxdur", - deyə Müdafiə Nazirliyinin rəsmisi qeyd edib.
MN rəsmisi Ermənistan tərəfinin guya Azərbaycan ordusunun tankının vurulması ilə bağlı iddiasını da təkzib edib: "Bu, yanlış məlumatdır. Azərbaycan Ordusunun bütün tankları sıradadır. Azərbaycan Silahlı Qüvvələrinin zirehli texnikası ön xətdə deyil. Azərbaycan tankları isə düşmən bölmələrinin vura bilməyəcəyi ərazidədir".
Qeyd edək ki, iyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərimizə yenidən hücum cəhdi olub.
Rayonun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri iriçaplı silahlar və minaatanlardan atəşə tutulub. Mülki əhali arasında xəsarət alan yoxdur.
Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.