Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 15 iyul — Sputnik. ABŞ-da yayımlanan geniş izləyici auditoriyası və nüfuza malik Con Batçelor Şou radio proqramında səfir Elin Süleymanov və Corctaun Universitetinin professoru Brenda Şefferlə müsahibə baş tutub.
Sputnik Azərbaycan xəbər verir ki, müsahibədə junalist C.Batçelor Ermənistan Azərbaycan münaqişəsi barədə məlumat verərək, ölkəmizin 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal olunduğunu qeyd edir. C. Batçelor Azərbaycana səfəri zamanı cəbhə bölgəsinə səfər etdiyini qeyd edir. Jurnalist Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən sitat gətirərək, Ermənistanın tərəfinin son dövrlərdə artıq neçənci dəfədir ki, təxribata əl atmasından, Azərbaycan hərbi qulluqçularının və mülki əhalisinin həlak olmasından bəhs edir. O, artan gərginliyin münaqişənin həlli istiqamətində aparılan sülh danışıqlarına təsirini sorğu edir.
Səfir E.Süleymanov həlak olan şəhidlərimizin ailələrinə başsağlığı verərək, yaralıların tezliklə sağalmağını dilədi. O, münaqişənin regionda sülhə təhlükə olduğunu qeyd edərək, son gərginliyin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında, Dağlıq Qarabağ və ətraf ərazilərdə olan təmas xəttində deyil, Azərbaycanın Ermənistan ilə beynəlxalq sərhəddində baş verməsinə diqqət çəkir. Ermənistanın təxribata əl ataraq, Azərbaycan silahlı qüvvələrinə və mülki əhalisinə hücum etməsindən bəhs edir. Səfir Ermənistan tərəfinin münaqişənin həlli istiqamətində aparılan sülh danışıqlarına zərbə vurduğunu, öz əməlləri ilə sülh prosesində maraqlı olmadığını sübut etdiyini bildirir. E. Süleymanov qeyd edir ki, ölkəmizin işğal olunmuş ərazilərində yaratdığı qondarma rejimin danışıqlara tərəf olmasını iddia edən Ermənistan törətdiyi təxribatla münaqişənin əsas tərəfi özü olduğunu bir daha ortaya qoydu. Ermənistan tərəfinin əslində daha çox itkilər verdiyini bildirən səfir ölkə rəhbərliyinin bu faktları gizlətməyə çalışmasını qeyri ciddi adlandırır. Ermənistanın Azərbaycanın beynəlxalq sərhəddinə hücum etməkdə məqsədinin üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatını məsələyə cəlb etmək olduğunu bildirən səfir, qarşı tərəfin sülh əvəzinə münaqişənin daha da genişlənməsi yolunu tutduğunu bildirir. Səfir Ermənistan müdafiə nazirliyinin öz rəsmi Twitter hesabında müdafiə nazirinə istinad edərək Ermənistanın lazım gələrsə daha çox ərazi "işğal edəcəyini" bildirməsini kəskin qınayır.
Tovuz istiqamətində təxribat törədən Ermənistanın, həmçinin bu ölkə ilə sərhəddə yerləşən Naxçıvan Muxtar Respublikasının mövqelərini atəşə tutmasına diqqət çəkən professor Şeffer, iki ölkənin beynəlxalq sərhəddində baş verən silahlı toqquşmanın regionda gərginliyin artmasının göstəricisi olduğunu bildirdi.
Səfir Süleymanov ölkə Prezidenti İlham Əliyevdən sitat gətirərək, Ermənistanın bu davranışlarının tam məntiqsiz və anlaşılmaz olduğunu vəziyyətin daha da gərginləşməsinə xidmət etdiyini, ilk öncə Ermənistanın özünə ziyan verdiyini bildirdi.
Müsahibənin tam versiyası ilə https://audioboom.com/posts/7632056-catastrophic-firefight-erupts-along-the-azerbaijan-armenia-international-border-elinsuleymanov internet səhifəsindən tanış olmaq mümkündür.