Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 15 iyul — Sputnik. 2020-ci ilin yanvar-may aylarında Azərbaycan 19 milyon dollar dəyərində 28,7 min ton düyü idxal edib. Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 milyon dollar (12,5%) və 8 min ton (38,5%) çoxdur. Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,5%-ni təşkil edib.
Qeyd edək ki, ölkənin düyüyə illik tələbatı 40 min tondan yuxarıdır və onun böyük bir hissəsi idxal hesabına təmin olunur. Lakin Azərbaycanda bu sahənin inkişafı prioritet məsələdir və bu istiqamətdə Dövlət Proqramı da qəbul edilib. Azərbaycanda çəltik bitkisi qədimdən becərilir. Ölkəmizin ərazisində keyfiyyəti ilə müxtəlif müsabiqələrdə dəfələrlə fərqlənmiş "Ağ ənbərbu", "Vilgəri", "Yetim", "Lənkəran sədrisi", "Ağ qılçıqlı" və digər yerli sortlar becərilib. İqtisadi şəraitlə əlaqədar olaraq ölkəmizdə çəltiyin əkin sahəsi illər üzrə müxtəlif olub.
Düyü idxalının artması ilə bağlı iqtisadçı-ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a deyib ki, bu il də Azərbaycanda su problemi yaşanır: "Təkcə düyüdə deyil, bu il qarğıdalı əkinləri də azalıb. Çünki bunların suya tələbatı çoxdur. Ümumiyyətlə bütün çayların sululuğu azalıb, su qıtlığı var. Digər tərəfdən, bizdə çəltik təsərrüfatları əsasən cənub zonasındadır və bu zonada düyü istehsalına maraq da getdikcə azalır, çünki çox əziyyətli işdir. Bunun biçini üçün texnika olmalıdır və s. Bizdə bu iş əllə görülür".
"Fermerləri də anlamaq olar, onlar daha gəlirli və daha asan işlərə meyl edirlər. Bu sahəyə verilən subsidiya artırılsa, bəlkə də bunu stimullaşdırmaq olar. Burada həm iqtisadi səbəblər, həm təbii amillər, həm də insanların özlərinin maddi maraq məsələləri var. Bu il ciddi şəkildə su qıtlığı yaşanır. Məsələn, fermerlər var ki, ikinci əkin kimi yüz hektarlar ilə qarğıdalı əkmək istəyirdilər, amma su yoxdur. Bu sahədə kompleks tədbirlər həyata keçirilməlidir", – deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, xaricdə düyünün maya dəyəri çox aşağı başa gəlir: "Ona görə də düyü bizə ucuz qiymətə gəlir. Məsələn, Astara düyüsü Bakıda hər yerdə satılmır, müəyyən yerlərdə olur. Keyfiyyət baxımından bizim düyümüz çox keyfiyyətlidir. Qiyməti də bahadır.
"Dövlət hansı sahəyə dəstək göstərirsə, o iki ildən sonra özünü biruzə verir. Məsələn, vaxt var idi ki, bizdə qarğıdalı 100 faiz idxal edilirdi, qarğıdalı əkən yox idi. İndi isə hektarlarla qarğıdalı əkilir, çünki dövlət bu sahəyə dəstək verir. Düyü istehsalına da ciddi dəstək mexanizmi olarsa, fermerlər buna maraq göstərəcəklər. Digər bir misal olaraq pambığı göstərək. Pambıq əkilmirdi, dövlət bu sahəyə dəstək göstərdi, indi geniş şəkildə əkilir. Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə fəal işlər görür", – deyə o qeyd edib.
Onun sözlərinə görə, fermerlərə bu sahədə daha çox yol göstərmək lazımdır: "Məsələn, bizdə "soğan sindromu" var. 2 nəfər soğan əkib, yaxşı gəlir əldə edirsə, bu səfər hamı soğan əkir. Nəticədə soğanın qiyməti çox ucuzlaşır və onlar ziyana düşürlər. Burada ixtisaslaşma olmalıdır, soğan əkən soğan, pomidor əkən pomidor əkməlidir. Müvafiq qurumlar bunu tənzimləməlidir. Tələbata uyğun əkin aparılmalıdır. Tələbatdan çox əkəndə qiymət düşür, az əkəndə də qiymət qalxır. Bunu tənzimləsələr, düyü, qarğıdalı və digər məhsulların istehsalı da normasına düşəcək".
Qeyd edək ki, 2018-ci ildə "Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı" qəbul edilib. Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda çəltikçilik ənənələrinin qorunaraq inkişaf etdirilməsinə, düyü ilə özünütəminetmə səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə, idxaldan asılılığın azaldılmasına, çəltikçilik rayonlarında yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin aqrar potensialını gücləndirəcək. Dövlət Proqramının icrası nəticəsində 2025-ci ildə orta məhsuldarlıq 40,0 s/ha olmaqla çəltik əkini sahələri 10 min hektara, istehsalın həcmi 40 min tona çatdırılacaq.
Azərbaycanda çəltikçiliyin inkişafı dövlət tərəfindən dəstəklənir. Çəltikçilik sahəsi subsidiyalaşmaya cəlb olunub. 2020-ci ilin yanvar ayından artıq subsidiyalar yeni sistemlə verilir. Bu ildən etibarən çəltik əkən fermerlər hər hektar çəltik sahəsinə görə 280 manat əkin subsidiyası alacaqlar.
Onu da qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 4054 hektar sahədə çəltik əkini aparılıb, ölkə üzrə 12 min 413 ton çəltik istehsal olunub. 2017-ci ildə 5,1 min hektarda çəltik əkilib, ölkə üzrə 15,9 min ton məhsul toplanıb. 2016-cı ildə 2,5 min hektarda çəltik əkilib və 5,6 min ton məhsul yığılıb.