Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi keçirilib.
İkinci Fəxri Xiyabanda baş tutan vida mərasimində Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini general-leytenant Yaşar Əliyev, Prezident Administrasiyasının Silahlı Qüvvələrlə iş sektorunun müdiri general-leytenant Elşad Babayev, Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, ictimaiyyət nümayəndələri, mərhumların xidmət yoldaşları şəhidlərimizin ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Mərasimdə çıxış edən polkovnik Abdulla Qurbani general-mayor P.Həşimov və polkovnik İ.Mirzəyevin həyat və döyüş yolları barədə məlumat verib.
Hərbi Okestrin ifa etdiyi Azərbaycan Respublikasının Dövlət Himninin sədaları ilə şəhidlərimiz əsgəri ənənələrə uyğun olaraq yayılım atəşləri altında son mənzilə yola salınıb.