Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 14 iyul — Sputnik. Hər il mövsümi olaraq payız aylarında insanlar müəyyən depressiya yaşayırlar. Mütəxəssislər bunu “payız depressiyası” adlandırırlar. Kimdəsə bu depressiya özünü daha sərt, kimdəsə daha yumşaq formada biruzə verir.
Bu ilin payızında isə depressiyanın daha kəskin olacağı proqnozlaşdırılır. Bunun da əsas səbəbi məhz sərt karantin qaydaları, insanları yayda belə, dincəlmədən evdə keçirməsi, qayğılarının daha da artması ilə izah olunur.
Mövcud pandemiya şəraitinin payızda depressiyaya səbəb olmaması nə edilməlidir?
Psixoloq Elnur Rüstəmov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu, daha çox payızda karantin rejiminin hansı formada davam etməsindən asılı olacaq: "Ona görə də hələlik bununla bağlı proqnoz vermək, payızda depressiya artacaq demək tələskənlik olardı. Çünki sentyabrda dərslərin açılması, bundan sonra iş yerlərinin də qismən bərpası insanların əhval-ruhiyyəsinə müsbət təsir göstərə bilər. Buna görə də, düşünürəm ki, biz hələlik payıza yox, bu günə hazırlaşsaq daha yaxşı nəticələr əldə etmiş olarıq. Yəni, karantin qaydalarına əməl etsək, qaydaları pozmasaq, maska taxıb sosial məsafəni gözləsək, gigiyenik qaydalara əməl etsək, bütün bunlar da karantin rejiminin yumşalmasına köklənə bilər".
"Biz bu il nə yazı, nə də yayı normal hiss etdik. Lakin mövcud vəziyyət payızda da davam edərsə, bu bir çox psixoloji problemlərin yaranmasına rəvac verə bilər. Psixoloji problem dedikdə, yalnız depressiya nəzərdə tutulmamalıdır. Bura təşviş, aqressiya və bir çox psixoloji problemləri də əlavə edə bilərik. Karantin qaydalarının davam etməsi, yeni vərdişlərin formalaşması onsuz da insanlarda müəyyən narahatlıqlar yaradıb. Çünki ötən ilin yayı ilə bu ilin yayını müqayisə etdikdə həyatımızda nə qədər dəyişikliklərin olduğunu görə bilərik. Ötən il insanların hamısı dincəlmək üçün harasa üz tutmasalar da, ən azı istədikləri vaxtda evdən çıxa bilirdilər. İnsanlar rahatlıqla həyətə düşə, parka gedə bilirdilər. İnsanların bir azadlıqları var idi, bu gün isə o azadlıq məhdudlaşdırılıb", - deyə psixoloq əlavə edib.
O bildirib ki, insanlar asanlıqla yeni davranış modelinə uyğunlaşmış olsaydılar, bəlkə də karantin qaydaları bu qədər sərt olmazdı: "Bir toplum olaraq yeni davranış modelini bu rejimdə qəbul etməkdə çətinlik çəkdik. Çünki biz əl verib görüşməyə, sosial məsafə gözləməməyə öyrəşmişdik. Düşünürəm ki, bu gün hökumət payızdan daha çox bu günə köklənib yoluxanların sayının azalması, sağalanların sayının artmasına nail olmağı hədəfləyib. Yəni, bu gün hökumət payızdan daha əvvəl iyul və avqustda vəziyyəti nəzarətə almağı hədəfləyib".