BAKI, 14 iyul — Sputnik. Andrey Kots. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun sözlərinə görə, Ağ Evdə, güman ki, strateji hücum silahlarının azaldılması ilə bağlı müqaviləni (SHS-3) uzatmamaq qərarına gəliblər. Bu, iki nüvə fövqəldövlətinin hərbi gücünü məhdudlaşdıran son sənəddir. Beynəlxalq təhlükəsizlik sisteminin dağılması dünyanı necə təhdid edir? Ətraflı RİA Novosti-nin materialında.
Çini də qoşmaq
Jurnalistlərlə söhbətində XİN başçısı vurğulayıb ki, SHS-3 sazişinin uzadılmamasına görə təlaşa düşmək lazım deyil – Rusiya, hətta bu sazişsiz də təhlükəsizliyini təmin etmək iqtidarındadır. Lakin bu saziş çox vacib idi. SHS-3 sazişi 2010-cu il aprelin 8-də Rusiya və ABŞ prezidentləri Dmitri Medvedev və Barak Obama tərəfindən imzalanıb. Sənəd 2011-ci ilin fevralında qüvvəyə minib və 2021-ci ildə qüvvədən düşür.
Müqavilə Rusiya və ABŞ arsenallarında nüvə döyüş başlıqlarının 1550-yə qədər, qitələrarası ballistik raketlərin, sualtı qayıqların və ağır bombardmançıların ballistik raketlərinin 700-ə qədər azaldılmasını nəzərdə tuturdu. SHS-3 sazişi ondan əvvəlki SHS-1 müqaviləsinin sona çatmasından bir il sonra imzalanıb. 2010-cu illərin birinci yarısında SHS-3 sazişinin uzadılmasına çox az adam şübhə edirdisə, Donald Trampın Ağ Evə gəlişindən sonra vəziyyət kəskin şəkildə dəyişib.
Amerika lideri Çinin də SHS-3 müqaviləsində iştirakını sazişin gələcək mövcudluğunun əsas şərtlərindən biri kimi göstərib. Çin Xarici İşlər Nazirliyinin silahlara nəzarət departamentinin direktoru Fu Tsun bunun yalnız iki halda mümkün olduğunu açıqlayıb: Çin nüvə arsenalını ABŞ arsenalının səviyyəsinə qaldırarsa və ya Vaşinqton öz arsenallarını ixtisar edərsə. Pekin üçün digər variantlar qəbuledilməzdir, çünki strateji potensialdakı böyük fərq nəzərə alınmır.
Vaşinqtonun irəli sürdüyü daha bir şərt Moskvanı qane etmir. İyulun əvvəlində ABŞ prezidentinin silahlara nəzarət məsələləri üzrə xüsusi nümayəndəsi Marşal Bilinqsli "Burevestnik" raketlərinin və "Poseydon" dronlarının layihələrini "dəhşətli" adlandırıb və onların SHS-3 sazişi ilə məhdudlaşdırıla bilmədiyindən bu layihələri bağlamağa çağırıb. Amerikalılar bundan əvvəl də yeni Rusiya silahlarının, o cümlədən, qeyri-nüvə hypersəs "Sirkon" raketlərinin məhdudlaşdırılmasında israr ediblər.
"Bu, yalnız onu göstərir ki, ABŞ-ın dünya liderliyini qorumaq üçün nüvə şantajından başqa vasitəsi qalmır", - hərbi elmlər doktoru Konstantin Sivkov RİA Novosti-yə izah edib.
"İqtisadi cəhətdən onlar artıq bəzi istiqamətlər üzrə Çindən, bir sıra hərbi texnologiyalarda isə (məsələn, hipersəs silahlarda) Rusiyadan geri qalırlar. Buna görə də bizi qabaqcıl texnologiyalardan imtina etməyə təşviq etməyə çalışırlar. Biz bu tələyə düşməməliyik", - Sivkov deyib.
Güzəştsiz mövqe
Lavrov vurğulayıb ki, Rusiya ABŞ-dan müqaviləni uzatmağı xahiş etməyəcək. Hərçənd Moskva həmişə müəyyən güzəştlərə getməyə hazır olub. Nazir qeyd edib ki, Rusiyanın ən yeni strateji sistemlərinin sayının SHS-3 çərçivəsində məhdudlaşdırılması imkanı amerikalılarla müzakirə edilib. Söhbət "Avanqard" hipersəs döyüş bloklarından və "Sarmat" ağır qitələrarası ballistik raketlərdən gedir.
"Digər üç sistem isə (qanadlı "Burevestnik" raketi, "Poseydon" sualtı dronu və hypersəs "Sirkon" raketi - red.) yenidirlər. Onlar SHS-3 müqaviləsinin əhatə etdiyi kateqoriyalara uyğun deyillər. Amma biz hazırkı razılaşma baxımından klassik olmayan silahların da müzakirə mövzusu olmasına dair söhbətə başlamağa hazırıq", – Lavrov bildirib.
Amma ABŞ-ın cavab güzəştlərinə gedəcəyi ehtimalı azdır. Vaşinqton dəfələrlə güzəştsiz fikirlər səsləndirib: "Ya siz bizim şərtlərimizə qeyd-şərtsiz razılıq verirsiniz, ya da biz müqavilədən çıxırıq".
Belə çıxır ki, nə Rusiya, nə də Çin öz milli maraqlarını nəzərə almadan amerikalıların iddialarına razılaşmaq fikrində deyillər. Mütəxəssislərin fikrincə, SHS-3 müqaviləsinin uzadılması şansı azdır. Bu isə o deməkdir ki, bütün beynəlxalq təhlükəsizlik sistemi tamamilə dəyişəcək.
Keyfiyyət əvəzinə kəmiyyət
"Əgər hərbi sahədə beynəlxalq təhlükəsizlik sistemindən danışırıqsa, etiraf etmək lazımdır ki, bu sistem artıq yoxdur. Bu sistem SSRİ və ABŞ, daha sonra Rusiya və ABŞ arasında razılaşmalara əsaslanırdı. Soyuq müharibənin kəskin münaqişəli vəziyyətlərində hərtərəfli nizamlanan bu sistem Vaşinqtonun təşəbbüsü ilə dağıdılıb", - Rusiyanın "Vətən Arsenalı" jurnalının baş redaktoru Viktor Muraxovski vurğulayır.
Ekspert deyib ki, hələlik qüvvədə olan SHS-3 ilə yanaşı yalnız Raket texnologiyalarına nəzarət rejimi haqqında Müqavilə qalır. Lakin amerikalılar bu sənədi də dəyişməyə çalışırlar. İyunda "Reuters" agentliyi ABŞ hərbi-sənaye kompleksindəki və ölkə rəhbərliyindəki mənbələrə istinadən xəbər verib ki, Ağ Ev müqavilənin müddəalarına yenidən baxmaq və müxtəlif ölkələrə daha çox hərbi pilotsuz uçan aparatlar satmaq niyyətindədir. Bu, çətin ki, sazişin digər iştirakçılarını razı salsın.
"Təəssüflə qeyd etmək olar ki, indi hər şeyi yenidən qurmaq lazım olacaq. Prezidentimiz artıq BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün bu məsələnin müzakirəsi üçün görüşməsi təşəbbüsü ilə çıxış edib. Lakin Vaşinqton və Londonun siyasəti və mövqeyi göstərir ki, bu təşəbbüsün perspektivləri minimaldır", - Muraxovski qeyd edib.
Ekspert Rusiya və ABŞ arasında yeni silahlanma yarışının kəmiyyət baxımından olacağını hesab etmir. Lakin strateji silahlar sahəsində texnoloji üstünlük uğrunda mübarizə qızmar olacaq.