Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 14 iyul — Sputnik. Dost və qardaş Azərbaycana qarşı Ermənistan tərəfindən həyata keçirilən hücumları şiddətlə qınayırıq. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Məqsəd təxribat xarakterli yanaşma ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesin qarşısını almaq və bölgədə yeni toqquşma sahələri meydana çıxarmaqdır. Türkiyə qədim dostluq bağları və qardaşlıq münasibətlərinin olduğu Azərbaycanın haqqına, hüququna və torpaqlarına yönəlik hər cür hücumun qarşısında yer almaqda əsla tərəddüd göstərməyəcək", - deyə Ərdoğan qeyd edib.
“Bu gərginliyin Ermənistanın hücumları sonrası münaqişəyə çevrilməsindən narahatıq. Bu son hücum iki dövlət arasındakı sərhəddə ağır silahlarla edilib. Bu, birbaşa Azərbaycana qarşı edilmiş şüurlu hücumdur. Bu hücum Ermənistanın səviyyəsini aşan hadisədir. Məqsəd Dağlıq Qarabağın nizamlanması prosesinə əngəl yaratmaq və yeni münaqişə nöqtələri yaratmaqdır.
Türkiyə Azərbaycana edilən hücumlara qarşı duracaq. Bütün münasibətlərimizi bu məsələdə səfərbər etmək boynumuzun borcudur. Öz torpağındakı siyasi, iqtisadi, koronavirusdan qaynaqlanan problemləri həll edə bilməyən bir ölkənin belə bir aqressiyası öz xalqına hörmətsizlikdir”.