İlham Mustafayev, Sputnik Azərbaycan
BAKI, 13 iyul — Sputnik. İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu, baş əsgər 1996-cı il təvəllüdlü Elşad Dönməz oğlu Məmmədov dəfn olunub. Şəhidin cənazəsi doğulduğu Tovuzun Ağdam kəndində torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin ailə üzvləri, yerli sakinlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon icra hakimiyyətinin nüməyəndələri iştirak edib.
Milli Ordumuzun şəhidi ailəli olub, 6 aylıq oğlu var.
Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.
Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir. Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.