BAKI, 12 iyul — Sputnik. Alimlər yaxın on ildə Amerikada piylənmə faktlarının artacağını proqnozlaşdırır.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki Mayo klinikasının sağlam həyat tərzi proqramının direktoru Donald Hensrudun araşdırmasına görə, bugünkü tendensiya davam edərsə, 2030-cu ildə amerikalıların yarısı piylənmədən əziyyət çəkəcək.
Onun sözlərinə görə, piylənmə diabet, yüksək təzyiq və koronar arteriya xəstəliyi kimi bir sıra xəstəliklərlə müşayiət olunacaq. Qeyd edilir ki, əhalinin böyük bir hissəsində piylənmənin olması ABŞ-dakı sağlamlığın ümumi səviyyəsinə təsir edəcək.
Çəki artımına təsir edən bir çox xarici amil var. Bunlardan ən əsası gündəlik həyatda insandan fiziki səy tələb etməyən müəyyən proseslərin avtomatlaşdırılmasıdır.
Bundan əlavə, əhalinin istehlak etdiyi məhsullar da piylənməyə səbəb olur. Həkim qeyd edir ki, amerikalılar emal olunmuş, yüksək kalorili qidalardan çox istifadə edirlər. Hensrudun fikrincə, piylənmə epidemiyasının qarşısnı almaq üçün hər bir insan özündən başlamalıdır. Belə ki, daha çox fiziki hərəkətlər etməli və qidalanma vərdişlərini dəyişməldir.