Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 11 iyul — Sputnik. Bir neçə gün öncə Azərbaycanın şimal bölgəsinə hücum edən çəyirtkələrin budəfəki hədəfi şimal-qərb bölgəsidir. Qax rayonunun Qıpcaq, Qaysarlı, Baydarlı, Ağyazı, Tasmallı və digər kəndlərinin sakinləri gecə saatlarında çəyirtkə yağışının şahidi olublar.
Qıpcaq kənd sakini Abdulla Əfəndiyev deyir ki, belə bir hadisə ilə ilk dəfə qarşılaşır: “Gecə saatlarında sürüylə gəldilər sanki. Bütün həyət çəyirtkə ilə dolu idi. Bu məsələdə ən çox qazanan isə toyuq-cücə oldu. Bilirsiz ki, quşlar həşəratları çox sevir. Bu hadisə onlar üçün böyük bayrama çevrildi”.
Qaysarlı kənd sakini Kamil Həşimov isə arzuolunmaz qonağın bitkilərə zərər verməsindən narahatdır: “56 illik ömrümdə belə bir möcüzə ilə ilk dəfə qarşılaşdım. Məni ən çox narahat edən həşəratların bitkilərə zərər verməsidir. Həşəratların içində bitkilərə ən çox zərər verəni çəyirtkədir. Onsuz da bu il digər illərə nisbətən məhsuldarlıq zəifdir. Çəyirtkələrin hücumu da bir tərəfdən zərər verəcək”.
Tasmallı kənd sakini Afət Aslanova isə çəyirtkələrin sürü halda gəlməsini dolu yağışına bənzədib: “Gecə saatlarında elə bildim, dolu yağır. Yoldaşıma dedim ki, dolu yağır. Yoldaşım pəncərəni açdı ki, havaya baxsın, pəncərəni açan kimi çəyirtkələr evin içinə də doldu. Çox qorxduq. Tez pəncərələri bağladıq. Səhər həyətə düşəndə baxdıq ki, hər tərəf çəyirtkəylə doludur”.
Məsələ ilə bağlı İlisu Dövlət Təbiət Qoruğunun direktor müavini Azərçin Muradovla əlaqə saxladıq. Ekoloqun Sputnik Azərbaycan-a dediyinə görə, indi həmin çəyitkələrin çoxalma və miqrasiya dövrüdür: “Buğumayaqlılardan olan çəyirtkə bir neçə fazada olur: tək və sürü fazası. Həmin kəndlərdəki çəyirtkələr sürü fazasıdır ki, indi onların artıb-çoxalma və miqrasiya dövrüdür. Əmələ gəldiyi, artıb-çoxaldığı ərazilərdən artıq köç etməyə başlayıblar. Təbii mühitdə, o cümlədən aqrosenozlarda yaşıl kütləyə - əkin sahələrinə, yaşıllıq ərazilərinə kütləvi ziyan vura bilərlər. Bəzən ağır sürüləri olur ki, ağacların, kolların budaqlarına qonanda qırıb-tökür. Bu hadisə bizim rayonun əsasən Əyriçay vadisi və ondan yuxarı hissəsində olub. Orta Atağar qovşağına qədər gəlib çatıblar. Ağyazı kəndində yerləşən “Aqropark” adlanan ərazidən Qax şəhərinə doğru olan ərazini əhatə edib”.
Qurum rəsmisinin sözlərinə görə, onlardan yaxa qurtarmağın bir neçə yolu var. Lakin insanlar bu məsələdə son dərəcədə diqqətli olmalıdırlar. Əks təqdirdə, qaş düzəltikləri yerdə vurub gözü də çıxararlar:
“Buna qarşı metodlar var. Çəyirtkənin təbii düşmənləri var. Məsələn, quşlar, sürünənlər çəyirtkələri məhv edir. Bundan başqa, bu həşəratların qarşısını almaq üçün müxtəlif kimyəvi preparatlardan istifadə etməklə təsir göstərmək olar. Amma buna da diqqət etmək lazımdır. Elmi biliklərə əsaslanaraq həmin dərman preparatlarından istifadə etmək lazımdı, ki, onlarla bərabər təbiətə xeyir verən həşəratlar da məhv olmasın. Preparatdan düzgün istifadə olunmazsa, ilk növbədə arıları məhv edə bilərlər. Buna görə də, dəqiq təyin olunmuş kimyəvi preparatlardan istifadə etmək lazımdır. Çəyirtkələrlə mübarizənin ən düzgün üsulu çiləmədir. Onların sıx toplaşdığı əraziyə havadan və yaxud yerdən çiləyərək mübarizə aparmaq olar”.
Təbiətşünas həşəratların artmasının səbəblərindən də danışdı: “Artmasının səbəbi quraqlıqla əlaqədardır. Bu iqlim onların sayının artması üçün münbit şərait yaradıb. Quraqlıq dövründə çəyirtkələr ortalığa çıxır, yaşıllıq olan ərazini məhv edir. Ötən əsrin sonlarında bu bölgədə sarı kəpənəklərin sayı çox idi, bir müddət sonra onların sayı getdikcə azaldı. Çox güman ki, çəyirtkələrin də bu növü müəyyən müddətdən sonra azalacaq”.
Muradov bildirir ki, Qaxdakı hadisə bir müddət öncə Şabran rayonunda baş verənlə eyni deyil: “Sözügedən həşəratlar Xəzərsahili rayonlardan gələn həşəratlar deyil. Bu, sırf iqlimin quraq keçməsi ilə bağlıdır. İqlimin quraq keçməsi onların artmasına kömək edir”.