Koronavirus pandemiyası səbəbindən bu il gecikərək açılmış çimərlik mövsümü uzun sürməyib. Dənizdə istirahət edənlər üçün yerlərin erkən bronlaşdırılması sistemi və çimərliklərdə karantin dövrü qaydaları, tibbi-profilaktik tədbirlər hazırlansa da, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə iyunun 20-dən iyulun 5-dək Bakı, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Gəncə, Masallı, Abşeron, Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında yenidən sərt karantin rejiminin tətbiqinə başlanılıb və dənizdə çimmək qadağan edilib.
Daha sonra məhdudlaşdırıcı tədbirlərin müddəti iyulun 20-dək uzadılıb. Karantin rejimi qaydalarına əməl olunmasına nəzarət DİN əməkdaşlarına tapşırılıb.
Hələ indiyə qədər yay aylarında Xəzərin çimərlikləri belə kimsəsiz olmamışdı. Sahil rayonlarının sakinlərinə yalnız çimərliklərin yenidən sərbəst ziyarət üçün açılacağını gözləmək qalır.
Onlar ümid edirlər ki, karantin tədbirləri tezliklə sona çatacaq, Xəzərin ilıq suyunda üzəcək, sahildəki isti qumun üzərinə uzanaraq günəş şüasi qəbul edəcək, qarşıdan gələn qış üçün bolluca D vitamini toplayacaqlar.