BAKI, 9 iyul — Sputnik. Türkiyə önəmli bir ortaq, namizəd ölkə və NATO üzrə müttəfiqimizdir. Münasibətlərimizdəki mövcud mənfi xətti bitirməli və tərsinə çevirməliyik. Sputnik Türkiyə xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi və Komissiya rəhbəri Cozep Borrell Avropa Parlamentinin iclasında Avropa Xalq Partiyası tərəfindən "Aralıq dənizində sabitlik və təhlükəsizlik: Türkiyənin mənfi rolu" adlı plenar iclasda çıxışı zamanı bildirib.
Türkiyə ilə "Sülh Baharı" hərəkatı da daxil olmaqla bir sıra məsələlərdə fikir ayrılıqlarının olduğuna diqqət çəkən Borrell ortaq maraqların da olduğuna xüsusi diqqət çəkib: "Türkiyə 3,5 milyondan çox suriyalı qaçqına mərhəmətlə davrandı və həmrəylik göstərdi".
Borrell eyni zamanda Türkiyənin Aralıq dənizində aqressiv mövqe sərgilədiyini bildirib: "Türkiyəyə Aralıq dənizindəki fəaliyyətlərinə qarşı olduğumuzu açıq şəkildə bildirdik. Dəyərlərimizi, üzv ölkələrin sərhəd və suveren hüquqlarını qorumaqda qərarlıyıq".
Aİ rəsmisi eyni zamanda Suriya və Liviyada siyasi həll yolunun əldə olunması üçün Türkiyə ilə birgə çalışmağın vacibliyini qeyd edib.