Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 8 iyul — Sputnik. Artıq üç gündür ki, bir sıra sahələrdə sərt karantin dövründə iş icazələri ləğv edilib. Buraya hotel və turizm şirkətləri də daxildir. Yaranmış bu vəziyyət turizm şirkətlərinin, eləcə də hotellərin fəaliyyətinə çox ciddi təsir edib. Belə ki, hotellərin çoxu qonaqları olduğu halda onlara xidmət göstərə bilməyib, tur operatorları əməkdaşları işə gedə bilmədiklərindən müştərilərlə əlaqəni kəsməli olublar.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə heyətinin sədri Rüfət Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yaranmış problemdən onlar da xəbərdardır: “Biz Assosiasiya olaraq Dövlət Turizm Agentliyinə müraciət etdik. Əksər turizm şirkətlərinin çoxunun fəaliyyətinə icazə verildi. Turizm şirkətləri işləməsə də, onların hər birinin işçiləri və müştəriləri var. Bilet və turpaketlərin vaxtının dəyişdirilməsi, müştərilərlə əlaqə davam etdirilir. Turizm şirkətlərinin icazələri bərpa olunmasa, bu müştərilər arasında da gərginliyə səbəb olardı. Eyni zamanda turizm şirkətləri öz müştərilərini itirmək problemi ilə üzləşə bilərdilər. İcazələrin bərpa olunmaması bu kimi problemlərə yol aça bilərdi. Ona görə də bizim müraciətlərə müsbət cavab verildi və əksəriyyətinin icazələri bərpa olundu. Çünki biz bildirdik ki, müştərilər aldığı turlara, aviabiletlərə eyni zamanda ödədikləri pullara görə çox narahatdırlar. Turlar ləğv edilir, reyslər təxirə salınır, müştərilər tarixləri dəyişir və pullarını geri tələb edirlər. Bu hal həm də Azərbaycana gələn turistlərə də aiddir. Xarici partnyorlarla da ödəniş məsələləri həll olunmalıdır. Yay mövsümünün ən qaynar vaxtı satılmış minlərlə turun ödəniş məsələləri hələ də tam açıq qalıb. Bu məsələləri evdən həll etmək mümkün deyil. Bu və digər səbəblərdən turizm sahəsinə icazələrin verilməsinin çox vacib idi”.
Qeyd edək ki, turizm şirkətləri ilə yanaşı, hotellərin də fəaliyyəti də iflic olub. Ölkəmizdə iyulun 5-dən etibarən hotel işçilərinin iş icazələri ləğv edilib. Nəzərə alsaq ki, bir neçə hoteldə koronavirus xəstələri, digərlərində isə qonaqlar yerləşib, icazələrin ləğvi onsuz da çətin vəziyyətdə olan hotelçilərə daha bir zərbə olub.
Azərbaycan Hotellər Assosiasiyasının İcraçı direktoru Günay Sağlam Sputnik Azərbaycan-a açıqlamasında artıq hotellərin də fəaliyyətinə icazə verildiyini söyləyib. O bildirib ki, bununla bağlı Dövlət Turizm Agentliyinə etdikləri müraciət öz həllini tapıb: “Bildiyiniz kimi, əvvəllər hotellərin 50% işçilərinə iş icazəsi verilirdi. İyulun 5-dən etibarən isə sərt karantin səbəbindən bütün icazələr ləğv edilib. Hotellər 7/24 fəaliyyət göstərən müəssisə olduğu üçün qonağı olmasa belə, işçisinin olmağı zəruridir. Bununla yanaşı, bəzi hotellərdə yoxlamalar keçirilib, işçilər cərimələniblər. Artıq dünəndən hotellər fəaliyyətini davam etdirir. Biz onlara spa mərkəzlərinin, trenajor idman zallarının, eləcə də hovuzların fəaliyyətinə qadağa qoyulduğu barədə məlumat vermişik. Hazırda hotellər də qaydalara uyğun fəaliyyətlərini davam etdirirlər”.
Hotellərin fəaliyyətinə icazə verilsə də, hələ də bəzi turizm şirkətləri öz ofislərindən işləyə bilmir.
“Ulduz” turizm şirkətinin rəhbəri Hamid Jahedi Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şirkət işçiləri hazırda evdən işləyir: “Bəllidir ki, turizm sahəsində evdən işləmək, müştəri ilə əlaqə qurmaq, biletin vaxtını dəyişdirmək və sair məsələlər çox çətindir. Ona görə də, turizm şirkətlərinin fəaliyyətinə sərt karantin dövründə qadağa qoymaq düşünürəm ki, müştərilərlə aramızda narazılıq yaradır. Onlar ofislə əlaqə saxlayır, telefonu götürən olmayanda daha da əndişələnirlər. Hazırkı dövrdə bu məsələyə həssaslıqla yanaşmaq lazımdır. Çox xahiş edirik ki, turizm şirkətlərinin fəaliyyətinə icazə verilsin”.