BAKI, 7 iyul — Sputnik. Əhalisinin sayına görə Avstraliyanın ikinci ən böyük ştatı olan Viktoriya öz paytaxtı Melburnu altı həftəlik bağlayıb. Sputnik Azərbaycan "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, buna səbəb koronavirusa yoluxma hallarının artması nəticəsində ikinci epidemiya riskinin yaranması olub.
Viktoriya ştatının Baş naziri Daniel Endryus bildirib ki, insanlar çərşənbə günündən başlayaraq iş, əsas xidmətlər, müalicə və ya təhsil istisna olmaqla evdə qalmalıdırlar. Ştatda 191 yeni yoluxma faktı qeydə alınıb ki, bu da böhranın başlanğıcından bəri ən böyük gündəlik artım olub.
Endryus jurnalistlərə bildirib ki, yeni halların artım sayı çox böyükdür və belə artım səviyyəsində əhəmiyyətli addımlar atmadan virusu yatırmaq və onun qarşısını almaq mümkün deyil.
Yeni karantin tədbirləri ölkə daxilində sosial məhdudiyyətlərin əksəriyyətinin aradan qaldırılmasına və sərhədlərin açılmasına çalışan Baş nazir Skott Morrisonun ümidlərinin üstündən xətt çəkir.