Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 6 iyul — Sputnik. "Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə ölkə ərazisində fəaliyyətinə icazə verilmiş iş və xidmət sahələri müəyyən edilib. Sputnik Azərbaycan xəbər verir ki, həmin sahələrdə çalışan işçilərin işə çıxması üçün icazələrin verilməsi Nazirlər Kabinetinin müvafiq Qərarı ilə müəyyən edilən və Dövlət Statistika Komitəsinin "İqtisadi fəaliyyət növlərinin təsnifatı"na əsasən fəaliyyəti icazə verilən sahələrə uyğun şəkildə işəgötürənlərin "icazə.e-gov.az" portalına müraciəti əsasında həyata keçirilir.
Qeyd edək ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən www.icaze.e-gov.az portalında bir sıra iş icazələri ləğv edilib.
Məsələ ilə bağlı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev Sputnik Azərbaycan-a deyib ki, işçi sayına məhdudiyyət tətbiq edilir: "Nazirlər Kabineti bütün qurumlara (dövlət və özəl) deyir ki, müəyyən faiz həddində işçini işə çıxartmaq lazımdır. Sistem də avtomatik olaraq bunu tənzimləyir. Əslində bütün şirkətlərə, müəssisələrə deyilir ki, özünüz icazələri tənzimləyin, yoxsa avtomatik sistem tərəfindən tənzimlənəcək. Hansı şirkət, müəssisə icazələri tənzimləmirsə, sistem bunu avtomatik edir".
KİV-in fəaliyyətində işçi sayına məhdudiyyət tətbiq edilirmi sualına E.Niftəliyev belə deyib ki, 50 faiz məsələsi bütün qurumların fəaliyyətində tətbiq edilir: "Fəaliyyətinə icazə verilən sahələrdə 50 faiz məsələsi hamıya aiddir. Televiziyalar, iri media qurumları və s. işçi sayına məhdudiyyət tətbiq etməklə fəaliyyət göstərir. Elə bizim özümüzdə də işçi sayına məhdudiyyət tətbiq edilir".
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, icazə sistemindən sui-istifadə hallarının qarşısının alınması, vətəndaşlarımızın infeksiyaya yoluxma riskinin azaldılması məqsədilə öncədən bir neçə dəfə xəbərdarlıq edildiyi kimi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən iyulun 5-dən etibarən Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə fəaliyyətinə icazə verilən sahələrə aid olmayan fiziki şəxslərin, habelə işçi heyətinin məhdud şəkildə iş çıxarılmasına olan tələblərə əsaslanaraq bu həddi keçən qurumlar üzrə icazələrin bir hissəsi ləğv olunub.
Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyətinə icazə verilməmiş sahələr üzrə sistemə müraciət edilməsi mümkün deyil.
İcazələrin tənzimlənməsi ilə bağlı yaranan xüsusi hallar üzrə hüquqi və fiziki şəxslər İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.