Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 5 iyul — Sputnik. Koronavirus pandemiyasının yayılması, demək olar ki, bütün dünyanın elektronlaşmasına səbəb olub. Onsuz da rəqəmsal dünyada yaşayan insanlar, COVİD-19-un yayılmasından sonra bir qədər də virtuallaşıblar.
Artıq nəinki dərslər internet üzərindən keçilir, hətta ən vacib siyasi görüşlər də monitor arxasından baş tutur, ən vacib qərarlar belə, uzaqdan verilir. Sərhədlərin bağlı olduğu, sıx təmasların olmadığı dünyada yaşayırıq.
Bəlanın Azərbaycandan yan keçmədiyi kimi, virtual dünyaya inteqrasiya da ölkəmizdə sürtələ inkişaf edir. İnsanlar evdə qaldıqları müddətdə işlərini onlayn şəkildə görür, elektron fəaliyyətlərdən bəhrələndilər. Bu fəaliyyət sahələrindən biri də elektron kitabxanalardır.
Qeyd edək ki, artıq uzun illərdir dünyanın inkişaf etmiş ölkələrinin vətəndaşları kağız kitablardan imtina edərək, elektron kitabxanalara üz tutublar. Bu, həm ekoloji cəhətdən, həm vaxt itkisi baxımından, həm də iqtisadi cəhətdən sərfəlidir.
Ölkəmizdə elektron kitabxananın inkişafı uzun illər ən müxtəlif səbəblərdən mümkün olmayıb. Bu gün isə bu sahədə müəyyən irəliləyiş var. Maraqlıdır ki, dünyanın əksər ölkələrində elektron kitabxanalar pullu olduğu halda Azərbaycanda onlar pulsuzdur. Elə bu hal da narazılıqlara səbəb olub.
Məsələ ondadır ki, elektron kitabların yaradılması zamanı bu işə qoşulanlar çox zaman müəlliflik hüququnu pozur, kobud şəkildə deyilsə, oğurluq edirlər. Onlayn kitabxana yaradanlar müəlliflərin, tərcüməçilərin, naşirlərin razılığını almadan onların ktablarından istifadə edirlər.
“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Sputnik Azərbaycan-a açıqlamasında koronavirus pandemiyasının kitab mağazalarının da fəaliyyətinə təsirsiz ötüşmədiyini bildirib: "Pandemiya ilə əlaqədar, demək olar ki, bütün kitab mağazaları bağlandı. Bütün sahələrdə olduğu kimi, yalnız onlayn satış həyata keçirildi. Onlayn kitab sifarişçilərinin sayı artdı".
O, hələlik ölkədə ictimai kitabxanaların olmadığını vurğulayıb: "Dövlət kitabxanaları çox az büdcə hesabına yaşayaraq ayaqda qalır. Bu səbəbdən də çalışırlar ki, pulsuz kitablar əldə etsinlər. Belə olanda oxucular da bu kitablardan pulsuz yararlanırlar. Lakin mənə elə gəlir ki, bu, düzgün deyil".
"Xeyli kitabxana bizim icazəmiz olmadan kitabları PDF formatında oxuculara təqdim edir. Bu problemlə əlaqədar olaraq hər dəfə belə kitabxanalara müraciət edirik", - deyə Ş.Xuduoğlu əlavə edib.
O, vəziyyətdən optimal çıxış yollarından da bəhs edib: "Kitabxanalar ya nəşriyyatlara abunə olmalıdır, ya da nəşriyyatlar kitablarının kitabxanalarda onlayn istifadəsi üçün icazə verməlidirlər. Hər halda bunun optimal variantı olmalıdır".