Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 5 iyul — Sputnik. COVİD-19 xəstəliyinin yayılması ilə əlaqədar olaraq bu gün müxtəlif sahələrdə böhran yaranıb. Bir çox müəssisələr işçi qəbulunu dayandırıblar. Buna misal olaraq, tikinti şirkətlərini də göstərmək olar. Artıq bəzi tikinti şirkətləri yeni layihələrin icrasına ara verdikləri üçün işçi qəbulunun dayandırılması ilə yanaşı, işçilərin sayını da azaldıblar.
Bəs, pandemiya dövründə əsasən hansı sahələrə tələbat var?
Sputnik Azərbaycan bu suala cavab tapmağa çalışıb. Son günlər saytlara yerləşdirilən müxtəlif iş elanlarına nəzər yetirəndə, mənzərə aydın olur. Beləliklə, daha çox işçiyə ehtiyac olan sahələri belə sıralaya bilərik:
- Müxtəlif xidmətlər üzrə - 630
- Administrasiya və idarəetmə üzrə vakansiyaların sayı 350, əmək haqqı 100-3000 manat arasında dəyişir (3000 manata iş isə Tacikistandadır)
- Satış üzrə vakansiyaların sayı - 407, əmək haqqı 300-2200 manat
- Təhsil və elm üzrə vakansiyaların sayı - 278, əmək haqqı 100-1500 manat
- Maliyyə üzrə vakansiyaların sayı - 250, əmək haqqı isə 200-2000 manat
- Marketinq üzrə vakansiyaların sayı - 154, əmək haqqı 300-2000 manat
- İstehsal və servis üzrə vakansiyaların sayı - 126, əmək haqqı 300-2000 manat
- Tibb və əczaçılıq üzrə vakansiyaların sayı - 109, əmək haqqı 200-3000 manat
- İnformasiya texnologiyaları sahəsində vakansiyaların sayı - 94, əmək haqqı 400-2900 manat
- Memarlıq və tikinti üzrə vakansiyaların sayı - 69, əmək haqqı 100-2000 manat
- Dizayn üzrə vakansiyaların sayı - 63, əmək haqqı isə 300-2000 manat arasında dəyişilir.
- Sənaye və kənd təsərrüfatı üzrə vakansiyaların sayı - 52, əmək haqqı isə 100-1500 manat arasında dəyişilir.
- Hüquqşünaslıq üzrə vakansiyaların sayı - 18, əmək haqqı 300-2000 manat.
Göründüyü kimi memarlıq, tikinti, dizayn, marketinq üzrə işçiyə tələbat öncəki aylarla müqayisədə azalıb. Öncəki aylarda elan saytlarında ən çox rast gəlinən iş yerləri məhz memarlıq və tikinti sahəsində idi.
Sosioloq Əhməd Qəşəmoğlu Sputnik Azərbaycan-a açıqlamasında iş yerləri, vakansiyalarla bağlı yaranmış ümumi vəziyyəti dəyərləndirib: "Bu gün əksər yerlər işçi götürməkdə maraqlı deyil. Çünki sərt karantin rejimi tətbiq olunduqda işçini işə çıxarda bilmir. Ümumiyyətlə, pandemiyadan sonrakı mərhələdə biz müəyyən dəyişiklikləri görə biləcəyik. Xidmət sahələri, sosial işə ehtiyac çox olacaq".
Əhməd Qəşəmoğlunun fikrincə, bu gün işə qəbulun dayandırılmasının digər səbəbi işəgötürənin vergidən yayınmaq üçün işçini rəsmi olaraq işə qəbul etməməsidir. Belə olan halda, işəgötürən indiki şəraitdə həmin işçini icaze.e-gov.az saytında qeydiyyatdan da keçirə bilmir.
"İşçinin rəsmi olaraq işə qəbulu ilə bağlı bizdə çoxsaylı problemlər var. Ya şəxs rəsmi işçi kimi işə götürülmür, ya da ki, maaş kifayət qədər aşağı göstərilir. Bununla da işəgötürən vergidən yayınır", - deyə sosioloq əlavə edib.