CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kəpənəyin saldığı yol ilə gedən qəhrəman - "Özümə, sən həyatına davam etməlisən, dedim"

© Photo : Facebook / Mətanət QüdsiMətanət Qüdsi
Mətanət Qüdsi - Sputnik Azərbaycan
Abunə olmaq
"Hazırda əlil arabama bir dəmir parçası kimi deyil, bədənimin bir hissəsi kimi baxıram. Ona əlim, ayağım kimi baxıram. Arabam divara dəyəndə elə bilirəm ki, əlim-ayağım divara dəydi" - Mətanət Qüdsi

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 iyul — Sputnik. Həyat mübarizədir. Yalnız mübarizə apardığın halda sən bu həyatı yaşamış sayılırsan. Savaşlar müxtəlif, amallar, məqsədlər isə fərqlidir. Bəzən ən çətin bir vəziyyətdə təslim olur, mübarizə aparmaqdan imtina edirik. Bəzən isə ən çətin vəziyyətlərdən belə çıxış yolu tapırıq.

Sputnik Azərbaycan-ın budəfəki həmsöhbəti Mətanət Qüdsidir. 12 yaşından əlil arabasına məhkum olan Mətanət Qüdsi bu gün bir çoxlarına örnək, nümunədir. O, demək olar ki, zamanla həyatında qarşısına çıxan bütün əngəlləri aşıb. Bu gün isə bizə əngəllərlə, əngəlli düşüncəyə sahib insanlarla savaşından danışır:

1997-ci ilin 31 iyulunda Şəmkir rayonunun Bayramlı kəndində doğulan Qüdsinin anası müəllim işləyib, atası isə veteran olub. Mətanət 6-cı sinfə qədər məktəbə gedib. Bütün çətinliklər də elə bu zamandan başlayıb.

-  Birdən-birə həyatınız dəyişdi. Həm də iki dəfə... İstəyərdim, bu haqda danışasınız.

- Ailəmin də dediyinə görə, elə məktəb vaxtı düşüncələrim yaşıdlarımdan tamamilə fərqli idi. Verdiyim suallar, həyata baxışımla yaxınlarımdan seçilirdim. Artıq 6-cı sinifdə oxuyurdum, səhhətimdə müəyyən ağırlaşma var idi. Zamanla səhhətim daha da ağırlaşdı, mənə düzgün diaqnoz qoyulmadı, olduğum mühitdəki cahillik də buna səbəb oldu. Düzü, xəstəliyim kənarda qaldı, tamamilə başqa müalicələr aldım. Yadımdadır, bir gün bərk qrip oldum, bir ay yataqda qaldım. Bütün əzələlərim artıq passivləşmişdi. Bir gün ayağa qalxmaq istəyəndə artıq əvvəlki kimi olmadığımı anladım. Yorulurdum, ayağa qalxa bilmirdim. Əslində həkimlər demişdilər ki, son hədd əlil arabasıdır. Yəni, sadəcə olaraq bir-iki, üç il bu prosesi uzatmaq olardı. Artıq 7-ci sinifdə olarkən əlil arabasında idim. Əlil arabası alanda evdəkilərə çox aqressiv davranırdım, deyirdim ki, bu arabada oturmayacağam. O zaman "Əlil arabasında otur" - mənim üçün ən ağır bir söz idi. Mənə alınan bu arabaya böyük bir nifrətlə baxırdım.

© Photo : Facebook / Mətanət QüdsiMətanət Qüdsi
Kəpənəyin saldığı yol ilə gedən qəhrəman - Özümə, sən həyatına davam etməlisən, dedim - Sputnik Azərbaycan
Mətanət Qüdsi

Yadımdadır, yay idi, 12 yaşım vardı. Anam məni qucağına götürüb həyətə, parka düşürtdü. Artıq bir-iki saat idi ki, eyni yerdə oturmuşduq. Gün çəkildiyindən yerimi dəyişməli idim. Qüruruma sığışdırıb anama deyə bilmirəm ki, yerimi dəyiş. Gördüm ki, artıq başqa yolu yoxdur, anama dedim ki, mən orada oturmaq istəyirəm. O da: "Bəlkə, arabaya oturasan?" - deyəndə artıq israr etmədim. İlk günlər mənim üçün əlil arabasını qəbul etmək, onda oturmaq çox ağır idi.

 - Yəqin, sinif yoldaşlarınızdan da uzaq düşmüşdünüz...

- Bizim məktəb evə çox yaxın idi. Həyət evində yaşayırdıq. Sinif yoldaşlarımın məni əlil arabasında görməməsi üçün 13:00-dan 14:00-dək evin bütün qapılarını bağladırdım. İstəmirdim, sinif yoldaşlarım qapımızdan keçəndə məni əlil arabasında görsünlər. Düşünürdüm ki, bu, müvəqqəti olacaq, sadəcə olaraq bir-iki il əlil arabasında olacam və bunu da ətrafımdakılardan gizlədəcəm, sonra yenə də əvvəlki Mətanət kimi cəmiyyətə çıxacam. Bir gün ən yaxın sinif yoldaşım gəlmişdi.

Mətbəxdə idim, anam qəfil dedi ki, rəfiqəm gəlib. O an elə hisslər keçirdim, o qədər hirsləndim ki, sinif yoldaşım necə məni bu vəziyyətdə görə bilər. Axı mən ayaqüstə məktəbə getmişəm, lövhənin önündə dayanmışam, sinif yoldaşlarımla belə şəkillərim də vardı. Bir anda bu epizodlar gözümün önündən keçirdi. Biri var, anadangəlmə arabaya məhkum olasan, biri də var, sonradan.

Anadangəlmə arabaya məhkum olduqda hər kəs buna alışır. Mən isə hər iki dönəmi yaşadığım üçün bu həm çətin, həm də asan oldu. Yeriməyin, addım atmağın dadını bildiyim üçün bu mənə çətin gəldi. Haradasa içimdə o addımlara həsrət var. Bu yolda mənə anam çox böyük dəstək oldu. Anam hər zaman cəmiyyət içində olmalısan, deyir.

- Necə oldu bəs mübarizəyə başladınız?

- Bir gün özümə, sən həyatına davam etməlisən, dedim. Artıq 10 il geridə qalmışdı. Əlil arabasını qəbul etməsəydim, 10 ildə sadəcə olaraq onunla savaşmış olacaqdım. Düzü, özümlə barışandan sonra bir ilimi itirdiyimə çox peşman oldum. O bir ildə bir dəmir parçası ilə, əngəllərlə, məni qəbul etməyən insanlarla mübarizə aparırdım. Hansı ki, o insanlar yenə də var. Amma artıq mənim üçün maraqlı da deyillər. Hazırda əlil arabama bir dəmir parçası kimi deyil, bədənimin bir hissəsi kimi baxıram. Ona əlim, ayağım kimi baxıram. Arabam divara dəyəndə elə bilirəm ki, əlim-ayağım divara dəydi.

Səkkizinci sinifdən artıq həyatımda çox şey dəyişmişdi. Xəstəxanada müalicə aldığım vaxtda məndən bir yaş böyük olan bir oğlanla tanış oldum. O evə getmək istədiyini, darıxdığını deyirdi. Mənə isə çox qəribə gəlirdi, deyirdim, ev çox darıxdırıcıdır. Mən dua edirdim ki, ağrılarım olsun, xəstəxanaya gedim. Çünki hər zaman cəmiyyət içində olmaq istəmişəm. Həmin oğlan mənə dedi ki, evdə təhsil alır, müəllimləri evə gəlirlər. Bu mənim üçün gözlənilməz bir xəbər idi, evdə təhsildən xəbərsiz idim.

© Photo : Courtesy of Matanat Qudsi Mətanət Qüdsi
Kəpənəyin saldığı yol ilə gedən qəhrəman - Özümə, sən həyatına davam etməlisən, dedim - Sputnik Azərbaycan
Mətanət Qüdsi

- Ətrafınızda olan şəxslər oxumaqla bağlı qərarınızı necə qarşıladılar?

- Qanımdan, canımdan olan doğmalarım mənə inanmırdılar. Sən necə oxuyacaqsan, əlil arabasında universitetə gedəcəksən deyə suallar verirdilər. Müəllimlərimdən biri qohumum idi, o belə mənə deyirdi ki, sən niyə oxuyursan? Mənə ən çox bunları deyirdilər: özünü əziyyətə salma, sənə lazım deyil. Düzdür, istədiyim universitetə qəbul olmadım, Təsviri incəsənət müəllimi ixtisasına qəbul oldum. Bundan sonra müxtəlif sosial layihələrə, müsabiqələrə qoşuldum. "Facebook" profilimi açaraq əlilliyi olan şəxsləri ətrafımda yığdım. Daha sonra, 17 yaşımda, Bakıda yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə gəldim. Bu mərkəz həyatımda ikinci dönüş nöqtəsi oldu. Burada sosial reabilitasiyanı, cəmiyyətdəki rolumu, özümü cəmiyyətə necə təqdim etməyi öyrəndim. Cəmiyyətə baxışım dəyişdi, özümü daha yaxşı tanıdım. Burada boçça (boccia - iri toplarla əlil arabasında oynanılan oyun - red.) idman növü ilə tanış oldum, hansı ki, sonradan bu idman növü üzrə İsraildə keçirilən çempionatda birinci oldum. Düşünürdüm ki, həyata bir dəfə gəlirəm, niyə boççanın nə oduğunu bilmədən, arzuladığım ölkəyə, şəhərə getmədən ölməliyəm?! Məgər, kimsə mənə, sizə yad baxışlarla baxar, baxıb, qulağını çəkər deyə niyə həyatımızı yaşamamalıyıq?!

- Başqa idman növləri ilə də məşğul olmusunuz?

Вид на Стамбул, фото из архива - Sputnik Azərbaycan
Onlara şərait yaradılması əlavə turist deməkdir - Və ya İstanbul ola biləcəyikmi

- Bir dəfə Naxçıvanda paraolimpiyanın 20 illiyinə həsr olunmuş yarışda ikinci yerə çıxmışam. Düzü, məşq zamanı hər şey gözəl olur, amma yarış başlayanda həyəcanım artır.

- Kitablarınız haqda da danışardınız.

- 2011-ci ildən yazmağa başlamışam. Düzü, öncədən yazar olacağımı heç düşünməmişdim. Mənim üçün çox gərgin günlər idi. Bir gün özümü otluqda, yanımda da bir kəpənəyin olduğunu xəyal etdim. Kəpənək içimdəki ikinci "mən" idi. Xəyalımda o kəpənəyin bir gün mənim üçün hər şeyin yaxşı olacağını deməsini canlandırdım. Sonradan söz verdim ki, yaşadığım müddətdə o kəpənəyi də yaşadacam. Bu səbəbdən "Kəpənəyin saldığı yol" kitabının mənim üçün xüsusi bir özəlliyi var. Hazırda bir ay ərzində artıq ikinci kitabım nəşrə hazırlanır. Bundan sonra isə "Mən o qadınam" sosial kitabı üzərində çalışmalarımı davam edəcəm.

Qeyd edək ki, qəhrəmanımız müxtəlif yerli və beynəlxalq layihələrin iştirakçısı, eyni zamanda da "Əngəlsiz Düşüncə Sosial İnkişafa Yardım İctimai Birliyinin təsisçisidir. O, 2014-cü ildən toxuculuğu öyrənərək əl işlərindən ibarət müxtəlif sərgilər təşkil edib, müəyyən qrantlar qazanıb. Qüdsi prezident mükafatına da layiq görülüb. Həyat devizi isə "Savaşmaq istəyirsinizsə, savaşmağı sevirsinizsə, başqaları ilə deyil, öz düşüncələrinizlə savaşın, öz "olmaz"larınızla savaşın"dır.  

Xəbər lenti
0