BAKI, 3 iyul — Sputnik. Dövlət başçısı bu gün ""Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" fərman imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə görə, aşağıdakı məzmunda 5.6-2-ci bənd əlavə edilir: "5.6-2. həmin Məcəllənin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi baxır".
Dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi baxacaq.
İndiyədək 211-ci maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxırdı.