Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 3 iyul — Sputnik. Azərbaycanda sahibkarların dövlət zəmanətli krediti asan əldə etməsi üçün Elektron Kredit Platforması yaradılıb (www.e-edf.gov.az). Sputnik Azərbaycan xəbər verir ki, biznes krediti almaq istəyən sahibkar onlayn rejimdə bu platforma üzərindən müraciət edə bilər. Elektron Kredit Platforması sahibkara şəffaf, çevik, məmur müdaxiləsindən kənar, sağlam rəqabət mühitində kredit almaq imkanı yaradır. Bu Platforma sahibkarlığa yeni dəstək mexanizmləri və sahibkarların bu dəstək üçün onlayn rejimdə müraciət etməsi üçün yaradılıb. Elektron Kredit Platforması artıq sahibkarların istifadəsinə verilib.
Bu Platformanın tətbiqi ilə kreditlərin əldə olunmasında çeviklik və şəffaflıq, sahibkarlar üçün bərabər şərait təmin ediləcək, sağlam rəqabət mühiti formalaşdırılacaq, sahibkarların kreditlərə çıxış imkanları genişləndiriləcək, sərf olunan vaxta və xərclərə qənaət olunacaq.
İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, sahibkarların dövlət zəmanətli krediti asan əldə etməsi üçün yaradılan Elektron Kredit Platforması müsbət addımdır: "Platforma yeni bir məhsuldur və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması baxımından yaxşıdır. Bu addımla təminat və kreditlər üzrə faizlərin subsidiyalaşdırılması imkanları genişlənəcək.
Yeni mexanizm mövcud göstəricilərlə müqayisədə təxminən 6 dəfə çox kredit vəsaitinin bazara axını üçün imkanlar yaradır. Biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizminə əsasən, dövlət zəmanəti kreditlərin 60 faizədək hissəsinə veriləcək və bu addım bankların risklərinin azalmasına səbəb olur. Nəticədə bu, bankların izafi likvidliyinin aradan qalxmasına və həmin vəsaitlərin iqtisadiyyata axmasına gətirib çıxardacaq".
"Biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi, müddəti 3 ilədək, illik faiz dərəcəsi 15%-dən çox olmayan kreditlərə şamil ediləcək, yəni illik faiz dərəcəsi 15 faizədəkdir. Bu, o deməkdir ki, banklar rəqabət aparıb daha aşağı faizlərlə kredit verə biləcək. Bu, müsbətə doğru dəyişiklikdir. Bu mexanizmlə verilən kreditlərin illik faiz dərəcəsinin 50%-i dövlət tərəfindən maliyyələşdiriləcək. Yəni subsidiya kreditlərin illik faiz dərəcəsinin 50 faizi həddində veriləcək. Bu, o deməkdir ki, sahibkar illik 7,5 və daha aşağı faizlə kredit götürə biləcək", - deyə ekspert bildirib.
O qeyd edib ki, sahibkar bankdan illik 15 faizlə kredit götürürsə, bunun 7,5 faizini, yəni 50 faizini dövlət kompensasiya edəcək, subsidiyalaşdıracaq: "Məsələn, sahibkar 15 faizlə 10 min manat kredit götürəcəksə, təxminən illik 1500 manat faiz üzrə xərci yaranacaq. Bu 1500 manatın yarısını, yəni 750 manatını dövlət kompensasiya edəcək. Bu mexanizm üzrə 3 milyon manatadək kredit götürmək olacaq. Sahibkarlıq subyektinin müraciətinə sürətli kredit (200 min manatadək) üzrə 7 iş günü, ənənəvi kredit (200 min manatdan çox) üzrə isə 10 iş günü ərzində baxılacaq".
Qeyd edək ki, dövlət zəmanəti pandemiyadan (COVİD 19) zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə şamil edilir və sahibkarların zərər çəkmiş iqtisadi fəaliyyət sahələri üzrə manatla aldıqları kreditlərə verilir.
Sahibkarlıq subyekti www.e-edf.gov.az saytından "Asan imza" vasitəsilə "Elektron kredit platforması"na daxil olur, bu zaman onun fəaliyyət sahəsinin pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət növlərinə aid olub-olmadığı avtomatik müəyyənləşdirilir. Fəaliyyət sahəsi pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət növlərinə aid olan sahibkarlıq subyekti zəmanət tələb edilən kredit sifarişi üzrə müvəkkil kredit təşkilatını seçir, biznes-planına uyğun olaraq kredit məbləğini qeyd edir və müraciətini təsdiq edir. Sahibkarlıq subyekti "Elektron kredit platforması"nda "Şəxsi kabinet"inə daxil olmaqla müraciətin nəticələri ilə bağlı məlumat əldə edə bilər.