BAKI, 2 iyul – Sputnik. Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyulun 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 28-32, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22,Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 3-4-də Abşeron yarımadasında sabit hava şəraiti və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.