BAKI, 1 iyul — Sputnik. ABŞ, Böyük Britaniya və bəzi digər ölkələrdə "Black Lives Matter" (BLM, Qaradərililərin Həyatı Vacibdir) hərəkatı getdikcə antixristian və antisivilizasiya xarakteri alır.
Sputnik Azərbaycan xəbər verir ki, Rus Pravoslav Kilsəsinin yepiskopu, Moskva Patriarxlığının işlər müdirinin müavini Savva (Tutunov) belə hesab edir.
Yepiskop Savva "köləliyi dəstəklədiyinə" görə İmperator Böyük Konstantinin İngiltərədəki heykəlinin sökülə biləcəyinə dair məlumatı şərh edərkən bu barədə öz "Telegram" kanalında yazıb.
"Bütün bu BLM-in məqsədyönlü antixristian və antisivilizasiya xarakter aldığı daha da aydın olur", - yepiskop Savva yazıb.
Pravoslav kilsəsi Roma İmperiyasında xristianlığı qanuniləşdirmiş Böyük Konstantini müqəddəslərin sırasına daxil edib.
Minneapolisdə afroamerikalı Corc Floydun polis tərəfindən saxlanılan zaman ölməsindən sonra ABŞ şəhərlərini, sonra isə dünyanın bir sıra ölkələrini zorakılığa və irqçiliyə qarşı etirazlar və iğtişaşlar bürüyüb.
ABŞ və Böyük Britaniyada etirazların və iğtişaşların fonunda bir çox tarixi şəxsə aid abidələr sökülüb.
Məsələn, ABŞ-da Vətəndaş Müharibəsi dövrünün cənublularına aid abidələrin sökülməsinə başlanılıb. Bu, həm də Amerikanı kəşf etmiş Xristofor Kolumbun heykəllərinə şamil olunub. Solçu fəallar Kolumbu Amerikanın yerli əhalisini qırmaqda ittiham edirlər.
Bundan başqa, Nyu-Yorkda ABŞ-ın 26-cı Prezidenti Teodor Ruzveltin tunc abidəsi də söküləcək. Uzun illərdir fəallar irqi ayrı-seçkiliyin və müstəmləkəçiliyin rəmzinə çevrilmiş bu abidənin əleyhinə çıxıblar.