BAKI, 1 iyul — Sputnik. BMT-nin Əhali Fondunun hazırladığı "Dünya Əhalisinin Vəziyyəti" adlı qlobal hesabatın builki sayı işıq üzü görüb.
Fonddan Sputnik Azərbaycan-a verilən məlumata görə, hər il təşkilatın qlobal miqyasda məşğul olduğu bu və ya digər mövzuya həsr edilən hesabatda bu dəfə dünyada qadınların və qızların hüquqlarının pozulması ilə nəticələnən müxtəlif zərərli təcrübələr və onlarla mübarizə mövzuları qabardılıb.
Hesabatda qeyd olunur ki, hər il dünyada milyonlarla qız ailələrinin, yaxınlarının və yaşadıqları icmaların razılığı ilə onları fiziki və mənəvi əziyyətlərlə üz-üzə qoyan zərərli təcrübələrin təsirinə məruz qalır. Daha çox dünyanın müxtəlif yerlərində mövcud olan adət-ənənələrdən qaynaqlanan bu zərərli təcrübələr sırasında qızların erkən yaşda ərə verilməsini, qadın sünnətini, gender-əsaslı cinsi ayrıseçkiliyi (oğlan uşaqlarına qızlara nisbətən daha çox dəyər verilməsi) və digər spesifik halları qeyd etmək olar.
"Qızlara qarşı tətbiq olunan bu cür zərərli təcrübələr onların həyatında uzunmüddətli və dərin travma izləri qoymaqla yanaşı, qızların öz potensiallarını realizə etmək hüququnu əllərindən almış olur", - deyə BMT-nin Əhali Fondunun icraçı direktoru Nataliya Kanem qeyd edir.
Hesabata əsasən, ilin sonunadək dünyada təqribən 4,1 mln. qızın qadın sünnəti adlanan əziyyətli və zərərli prosedura məruz qalacağı gözlənilir. Eyni zamanda, hər gün dünyada orta hesabla 33000 yetkinlik yaşına çatmayan qız uşağı özündən böyük şəxslərə zorla ərə verilir. Sənəddə o da vurğulanır ki, bəzi ölkələrdə qız uşaqları ilə müqayisədə oğlan uşaqlarına daha çox üstünlüyün verilməsi təcrübəsi cinsi zəmində ayrıseçkilik fenomeninin güclənməsi və beləliklə 140 mln. "itirilmiş" qız övladlarının həyata gəlməkdən məhrum edilməsi ilə nəticələnib.
Azərbaycanın da daxil olduğu Şərqi Avropa və Mərkəzi Asiya regionunda erkən nikahlar əsasən qanunla qadağandır və bu hallar zəif sürətlə də olsa azalmaya doğru gedir. Buna baxmayaraq, regionun bəzi yerlərində erkən nikahlara hələ də geniş şəkildə rast gəlmək mümkündür – bəzi ölkələrdə qadınların 15%-i 18 yaşına çatmazdan öncə ailə qurub, bəzi icmalarda isə iki qadından biri hətta uşaq yaşında ikən ərə verilib.
Qız övladlarına nisbətdə oğlan övladlarına üstünlüyün verilməsi də Şərqi Avropa və Mərkəzi Asiya regionunda müşahidə olunan zərərli təcrübələrdən biridir. Cənubi Qafqazın və Cənub-Şərqi Avropanın bir sıra bölgələrində daha çox qeydə alınan bu fenomen doğuşun cinslər arasındakı təbii nisbətinin pozularaq qızlara nisbətən daha çox oğlan uşağının dünyaya gəlməsinə səbəb olur.
"Bütün bu zərərli təcrübələrin kökündə bir amil dayanır: bu da qadınlara və qızlara cəmiyyətdə daha az dəyər verilməsidir", - deyə BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin rəhbəri Alanna Armitaj qeyd edir. "Buna baxmayaraq, hamımız – hökumətlər, vətəndaş cəmiyyəti, rəy öndərləri və influenserlər – birlikdə işləyərək qızların insan hüquqlarını əlindən alan bu zərərli təcrübələri keçmişə qovuşdura bilərik."
Hesabatda dünyanı əhatə edən COVID-19 pandemiyasının sözügedən zərərli təcrübələrin daha da geniş yayılmasına şərait yaratdığı da vurğulanır. Belə ki, pandemiya dünyanın bir çox yerində ailələrin öz iqtisadi yükünü azaltmaq üçün erkən nikahlara daha çox üz tutması ehtimalını artırır. Bununla yanaşı, sosial təcrid və karantin şəraitində təhsil müəssisələrinin bağlanması və hərəkətə qoyulan məhdudiyyət gənc qızların gündəlik həyat ritmini əngəlləyir, dəstək sistemlərinin fəaliyyəti qarşısında sədd çəkir.
"Pandemiya hər gün daha çox qızı müxtəlif risklərlə üz-üzə buraxır. Biz, dünyanın istənilən yerində qadınların və qızların öz hüquqlarından yararlana bilmələri və öz seçimlərini müstəqil şəkildə edə bilmələri üçün səylərimizi ikiqat artırmalıyıq", - deyə Alanna Armitaj bildirir.