Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 27 iyun — Sputnik. "Universiteti bakalavr pilləsini bitirən kimi, eyni ayda magistraturaya qəbul olundum və elə həmin ildə də Bakı Bələdiyyə Teatrına işə düzəldim. Artıq 13 ildi,r həmin teatrda işləyirəm. Bu illər ərzində, demək olar ki, hazırlanan tamaşaların hamısında rol almışam. Yenidən səhnələşdirilən bütün köhnə tamaşalara da daxil olunmuşam, kənarda qalmamışam.
İlk rolum teatrda "Daşa dönmüş ürəklər" tamaşasında idi. Ziyadxan müəllimin rejissorluğu ilə səhnələşdirilmişdi, 2-3 dəfə oynanıldı. Sonra yer dəyişdik və o tamaşa dayandırıldı. Kombinat otağına qədər məşq etdiyimiz anlar olub. Bütün şəraitlərdə işimizi davam etmişik".
Sputnik Azərbaycan-ın budəfəki həmsöhbəti bütün çətinliklərə rəğmən Bakı Bələdiyyə Teatrından ayrılmayan tanınmış aktrisa Zülfiyyə Qurbanovadır.
Посмотреть эту публикацию в Instagram
- Son oynadığınız Nəsimi ilə bağlı olan tamaşanı bəyənmədim. Bu mənim subyektiv fikrimdir. Belə tamaşalarda necə oynayırsınız və necə olur ki, bu cür əsərlər teatr səhnəsinə çıxır? Ümumiyyətlə, Zülfiyyə olaraq imtina edə bilirsinizmi belə tamaşalardan?
- Müəyyən səbəblər var ki, adını çəkdiyiniz tamaşa kimi, onlar dövrlə əlaqəlidir. Nəsimi ilə bağlı bütün teatrlar tamaşa hazırlamışdı və biz də həmçinin. O qədər əziyyət çəkmişdik o tamaşanın üstündə. Desəm, nə boyda otaqda məşq etmişdik, onu görən bu tamaşanı şedevr hesab edərdi. Çünki bizim şəraitimiz yoxdur. Biz çox çətin şəraitlərdə məşqlər edirik. Hərdən adamın qibtə etməyi gəlir. Biz bir tamaşanı haradasa oynayacağıqsa, səhərdən axşama qədər həmin zalda məşq edirik.
- Başqa teatrlarda işləmək istəyiniz olubmu?
- Aşırı bağlı insanam, ona görə Bələdiyyə Teatrını dəyişə bilmirəm. Çox rahatlığı sevirəm. Amma rollarım bunun əksidir. Heç kim mənfi rolları sevmir. Kollektivimiz səmimidir, bu yerdən sonra ayrıla bilmərəm, artıq doğmalaşmışıq, xatirələrimiz var birlikdə.
- Teatrınızda rejissor problemi hər zaman hiss olunub. Söhbət mütəmadi fəaliyyətdən gedir.
- Dayanıqlı rejissor baxımından teatrımızın bəxti gətirməyib. Amma dayanıqlı rejissorlarımız da olub. Yatan tamaşamız olmayıb, yatsa da yersizlikdən qaynaqlanıb. Məkan problem olduğuna görə qastrollara daha çox üstünlük vermişik.
Посмотреть эту публикацию в Instagram
- Kinoya ilk dəvətiniz necə oldu?
- Bu mövzuda bəxtim gətirib. İstedaddan əlavə, insanda əzm olmalıdır. 2007-ci ildə mən tamaşada oynamağa başlayanda bu qədər serial yox idi, nadir hallarda serial, film çəkilərdi. Ümumiyyətlə, 2003-cü ildə universitetə daxil olmuşam. 2005-ci ildə isə İranla Azərbaycanın birgə istehsalı olan "Arzular" filmində rol almışam. Çox dəyərli tərəf-müqabillərim olub. Təsadüfən, universitetin dəhlizində filmə aktyor heyəti yığarkən məni görüblər. Səhnə danışığı dərsi idi, içəri keçdilər, məni seçdilər. Getdim, çəkildim, bəyəndilər, müqaviləmi bağladım və ilk işim belə başladı. 2011-ci ildən isə kinoda ulduzum parladı. "Tabut düzəldənin yelləncəyi" filminə çəkildim. 2012-ci ildə film Hollivudun tələbə Oskarına vəsiqə qazandı. 2014-də isə "Torn" filmi ilə Kann festivalına getmişik.
- Amma dedikləriniz xəbər saytlarında o qədər də işıqlandırlmadı.
- Hər-hansı bir lazımsız hərəkətini saytlar reytinq xətrinə verəcək. Amma əməlli-başlı bir iş görəndə heç bir sayt işıqlandırmaq istəmir.
- Bu yaxınlarda kastinqlərlə bağlı sosial şəbəkədə maraqlı paylaşım etmişdiniz. Problem nədədir?
- Azəraycan filmlərində kastinqlərdə olmamışam. Kinostudiya film çəkir, amma kastinqlərindən xəbərimiz yoxdur. Bir də eşidirik ki, oldu, bitdi. Adama deyərlər, çağır məni, simam yararsız olsun, yaxud da simam yarasın, istedadım yararsız olsun. Amma çağır. Sual olunur, rejissorun nə marağı var ki, seriallara aktyorluqdan xəbəri olmayan birini dəvət edir? Rejissorlara peşəkar aktyorlar lazımdır. Çəkiliş zamanı elə "aktyorlarla" rastlaşıram ki, ilk dəfədir görürəm. "İnstagram"da izləyicisi çox olan, İncəsənət Universitetindən xəbəri olmayan biri, görürsən ki, hansısa filmdə, serialda rol alır.
Посмотреть эту публикацию в Instagram
- Serial demişkən, hazırda bu yöndə hansı işlər görürsünüz?
- Hazırda serialım davam edir. 1-2 film təklifi var. Biri artıq həyata keçib. Qısametrajlı bir filmdir. Mövzusu qan çatışmazlığı, hemofiliyadan bəhs edir. Rejissoru Vasif Muradbəylidir. Azərbaycanın ən məşhur blogeri sayılır. Teatrda hazırda karantindir. Sonra nə olacaq - bilmirəm. Məlumatım yoxdur.
- Şəxsi həyatda vəziyyət "stabildir"?
- Axtardığımı tapa bilmirəm. Bəlkə də ciddi axtarmıram, mən özüm də bir az aşırı seçən insanam. Məni anlayan birini istəyirəm...