BAKI, 26 iyun – Sputnik. Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev insanların daşıdıqları qan qruplarının COVID-19 virusuna yoluxma və xəstəliyin gedişatında roluna aydınlıq gətirib.
Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, o, açıqlamasında mart ayından etibarən Çinin Uhan şəhərində aparılan elmi tədqiqatın nəticəsinə görə xəstələnənlər arasında II qan qrupu daşıyıcılarının çoxluq təşkil etdiyini bildirib: "Buna əlavə olaraq, Avropada aparılan son elmi tədqiqat yeni olaraq onu göstərdi ki, II qan qrupu COVID-19 xəstəliyinin ağır kliniki gedişatı üçün bir risk faktorudur. COVID-19 virusuna yoluxanların 3-cü və 9-cu xromosomlarında aşkar edilən gen variantları xəstəliyin ağır gedişata malik olma riskini artırır. Burada da qan qrupunu müəyyən edən önəmli gen və xromosom yer alır. Alimlər bu nəticəyə İtaliya və İspaniyadan olan 4 000 xəstənin müayinəsinə əsaslanan tədqiqatdan sonra gəliblər. Tədqiqatın nəticəsinə görə, II qrup qan daşıyıcısı olan xəstələr də bir növ xüsusi risk qrupuna daxildirlər və onlar bu virusa yoluxan zaman xəstəliyi digər qan qruplarına nisbətən ağır formada keçirə bilərlər".
N.Abdullayev deyib ki, I qan qrupu daşıyıcıları isə digərləri ilə müqayisədə ən az riskə malikdirlər: "Amma onu da nəzərə almaq lazımdır ki, xəstəliyin ağır gedişatına səbəb olan daha bir neçə önəmli faktorlar da var və bunlardan da ən önəmlisi xəstənin yaşı və sahib olduğu ciddi xəstəlikləridir. Bu tədqiqat nəticəsində bu qənaətə gəlinib ki, artıq müalicə həkimi II qan qrupu daşıyıcısı olan COVID-19 xəstələrinə xüsusi risk qrupuna daxil olduqları üçün daha da diqqət göstərib xəstəliyin gedişində bu məqamı nəzərə almalıdır".