BAKI, 25 iyun — Sputnik. "Biz karantin qaydalarına, özünütəcrid tələblərinə əməl etməsək, iqtisadiyyatımızı bərpa edə bilmərik". Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulami İshaqzai bildirib.
O deyib ki, bu gün Azərbaycan da koronavirus pandemiyası ilə mübarizə aparan ölkələrdəndir: "Azərbaycanda, həm də bütün dünyada təcrid prosesinə görə yorğunluq müşahidə olunur. Amma nəzərə almalıyıq ki, pandemiya dövründə iqtisadiyyatda kifayət qədər böyük problemlər oldu. Hökumətlər öz gücünə bu virusdan xilas ola bilməyəcək. Ona görə də vətəndaş olaraq əl-ələ verib, həmrəylik nümayiş etdirərək, bu pandemiyaya qalib gəlməliyik. Hər birimiz kiçik addımlarla pandemiyaya qalib gəlməkdə töhfə verə bilərik".