BAKI, 25 iyun — Sputnik. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində çalışan Ceyhun Babayevin qanunsuz hərəkətləri barədə Dövlət Gömrük Komitəsindən daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ceyhun Babayev daşıma fəaliyyəti ilə məşğul olan "Gate Est Group" MMC və "İnterlogistics" MMC-nin səlahiyyətli nümayəndəsindən MMC-lərə məxsus malların tranzit gömrük rəsmləşdirilməsinin tezləşdirilməsi müqabilində rüşvət kimi tələb etdiyi hər avtomaşına görə 50 ABŞ (85 manat) dolları olmaqla, ümumilikdə isə 15 avtomaşına görə 750 ABŞ dolları (1275 manat) məbləğində pulu 23 iyun 2020-ci il tarixdə alarkən cinayət başında yaxalanıb.
Faktla bağlı cinayət işi başlanılaraq Ceyhun Babayeva Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuş və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.