Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 22 iyun — Sputnik. COVID-19 pandemiyası həm can almaqda davam edir, həm insanların səhhətində müəyyən problemlərə səbəb olur, həm də məsuliyyətini dərk edən insanlarda məsuliyyətsiz insanların etinasızlığından dolayı böyük stressə səbəb our. Bu gün sağlamlığımız özümüzlə yanaşı, ətrafımızdakıalrdan daha çox asılıdır desək, yanılmarıq. Azərbaycan Tibb Universitetinin tələbəsi Tuqay Həsən də bu cür məsuliyyətsiz insanların qurbanı olub. Bir müddət bu xəstəlikdən müalicə alan həmsöhbətimiz artıq sağalıb, digərlərinin yoluxmaması üçün cəmiyyətə bir çağırış edib.
Sputnik Azərbaycan Tuqay Həsənlə müsahibəni təqdim edir:
- Yəqin ki, gələcəyin həkimi olaraq siz bu xəstəliyə inananlar arasında yer almısınız.
- Koronavirus yayılmağa başladığı gündən indiyədək təxminən 3 aydan çox zaman keçib. ATU tələbəsi olaraq ilk gündən virusun varlığına inanıb, bütün qorunma tədbirlərinə riayət etsəm də, məsuliyyətsiz, virusa inanmayan insanlar tərəfindən mən də yoluxduruldum. Yaşımın az olmasına, yanaşı xəstəliyimin olmamasına baxmayaraq, o qədər ağır keçirdim ki, xəstəliyi 1 ay xəstəxanada, sonra 1 ayı isə evdə müalicə almaqla davam etdim. Çox şükür, nəhayət, həm test nəticələrim neqativ çıxdı, həm də KT-də hər şey qaydasında göründü. İndi edə biləcəyim kömək plazma donoru olmaqdır ki, əlimdən gələni edirəm neçə zamandır. Artıq özümü toplayıb, fikirlərimi yenidən cəmləşdirə bildiyim üçün düşündüm ki, mən də öz vəzifəmi yerinə yetirib, insanları maarifləndirim.
- Bu cür insanlara, yəni xəstəliyin varlığına inanmayanlara çağırışınız nədir?
- Mən sizə xəstə sayı artır, yaşdan asılı olmayaraq hər kəs yoluxur, tibbi personal çatışmazlığı var, İtaliyadan betər hala qalacağıq, gözümüzün önündə ailəmizdəki insanlar arasında seçim edəcəklər və bunun kimi olan və olacaq gerçəkləri deməyəcəm. Sadəcə heç kimi düşünmürsünüzsə, ailənizi və sevdiyiniz insanları düşünün deyəcəm.
Virusa inanmırsınız? Lap yaxşı edirsiniz, xəstəxanada qoşulmağa tənəffüs aparatı tapmadıqda onsuz inanacaqsınız, amma gözünün qarşısına valideynlərini, övladlarını, sevdiklərini gətirən hər bir şüurlu insan başa düşər ki, mən özüm üçün olmasa da, maska taxmalıyam, insanlarla aramda məsafə saxlamalıyam, karantin olan kimi Bakıdan rayona qaçıb oradakıları yoluxdurmamalıyam, evə 103 gələcək, qonşulardan utanacam deyə xəstəliyimi gizlətməməliyəm.
Çox sevdiyim bir söz var: ağıllı insanlar bütün səhvləri özləri etmir, başqa insanlara da şans verirlər. Məncə, bu virusla bağlı kifayət qədər səhv edən insanlar, sizin də inanmayaraq, qorunmayaraq səhv etməyinizə gərək yoxdur. Bu qədər həkimlərin və qeyri-tibbi sektorda çalışanların fəryadı boşa deyil. Aylarla bu virusa görə ailələrindən uzaq qalıb insanlar, bu onların işi deyil. Niyə deyil? Çünki məsuliyyətsiz, düşüncəsiz insan toplumunun yaratdığı nəticələrə onlar özləri yoluxaraq, həyatların itirərək, sevdiklərindən uzaq qalaraq cavabdeh olmamalıdırlar.
- Səbəbkar kimdir?
- Səbəbkar kimdir? Düşüncəsiz toplum. Bu qədər maarifləndirilməyə baxmayaraq, hələ də dediklərində inad edən insanlar. Kim inanmırsa, Bakıda "Semaşko", Tədris Terapiya Klinikası, Tədris Cərrahiyə Klinikası kimi xəstəxanalara gedib gözləriylə görə bilərlər. Bəlkə, ondan sonra bilincli şəkildə insan qatili olmağa son qoyarlar. Bəli, virusun yoxluğuna inanmayaraq, ya da varlığını qəbul etməyib özünüzü təsəlli edərək hər şüursuz hərəkətlə İnsan Qatili olursunuz. Amma unutmayın, bu həyat bumeranqdır, etdiyiniz hər hərəkətin nəticəsi gec-tez sizin də yaxınlığınızdan keçəcək. Hər şey üçün gec olmamasını arzu edir, xəstələrə şəfa, vəfat edənlərə rəhmət diləyir və vəzifəsindən asılı olmayaraq pandemiya dövründə əziyyət çəkən hər kəsə təşəkkür edirəm.