Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 22 iyun — Sputnik. Bərdə şəhəri Həzi Aslanov küçəsində yerləşən bərbərxanada ölümlə nəticələnən hadisə törədilib.
Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, bərbər Vüsalın şagirdləri - Bərdə şəhər sakini, 16 yaşlı Raul Vüqaroğlu Bərdə rayonu Alaçadırlı kənd sakini, 25 yaşlı Ceyhun Hüsüoğluya mədə nahiyəsindən bıçaqla zərbə endirib. Ceyhun Hüsüoğlu Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Yaralı saat 17 radələrində daxili orqanın qanaxmasından dünyasını dəyişib.
Hadisə yerindən əldə edilən xəbərə görə, qətli törətmiş şəxsin yaşadığı ev basqın ehtimalı səbəbindən Bərdə RPŞ-nin əməkdaşları tərəfindən nəzarətə götürülüb.
Onu da qeyd edək ki, hadisənin motivi iki gəncin arasında yaranmış mübahisə vaxtı Ceyhunun Raula qarşı ağır sözlərdən istifadə etməsi ilə izah olunub.