BAKI, 22 iyun — Sputnik. İyunun 23-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 31-36, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.
23 iyunda Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi şimşək çaxanda arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, iyunun 23-24-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.