Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 21 iyun — Sputnik. Bu gündən iyulun 5-i tarixinədək Azərbaycanın bir sıra şəhər və rayonlarında ciddi karantin rejimi tətbiq olunub. Sərt karantin rejimi Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda tətbiq edilir. Bu ərazilərdə evdən çıxmaq SMS icazə ilə mümkündür.
Həftəsonu ümumiyyətlə küçəyə çıxmamaq qadağasından sonra yenidən SMS icazə sisteminin işə düşməsi ölkəmizdə koronavirusa yoluxmanın sürətlənməsi ilə izah olunur. Yeni qərarların verilməsi isə göstərir ki, ölkəmizdə tətbiq edilən təcrübələrin heç də hamısı effektli alınmır. Məsələn, həftəsonu qadağaları qardaş Türkiyə təcrübəsi olsa da, bu təcrübənin Azərbaycanda tətbiqi effektli olmadı. Ekspertlər də, hər ölkənin təcrübəsini tətbiq etməyin, qaydaları tez-tez dəyişməyin düzgün olmadığı qənaətindədirlər. Bəs görəsən yenidən əvvəlki qaydaya qayıtmaq həmin nəticəni verəcəkmi?
Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qadağalar tətbiq edilərkən ətraflı düşünmək, ölçüb-biçmək lazımdır: "Türkiyədə vəziyyət çox pisdir. Hansı ölkələrdə vəziyyət bərbaddırsa, o ölkələrin təcrübəsinə qətiyyən istinad etmək olmaz. Son iki həftənin qadağası Türkiyənin təcrübəsinə əsaslanmışdı. Bizim ölkədə bu təcrübə effekt vermədi. Baş verən proseslər, koronavirusa yoluxanların sayının sürətli artımı göstərdi ki, hər ölkənin təcrübəsini gözüyumulu tətbiq etmək olmaz. Azərbaycanda əvvəldən tətbiq edilən SMS icazə sistemi daha uğurlu variant idi. Həmin dövrdə ölkəmizdə bu virusa yoluxma çox aşağı templə getdi. Bu gün ən uğurlu təcrübə Gürcüstan təcrübəsi hesab oluna bilər. Gürcüstanda gün ərzində koronavirusa bir-iki yoluxma faktı qeydə alınır.
Ə. Rüstəm deyir ki, koronavirusun varlığına inamsızlıq da əhalinin tibbi maska taxmadan küçəyə çıxmasına, sosial məsafə saxlamamasına səbəb olur: "Bu virusla mübarizədə maarifləndirmə başdan düzgün aparılmalı idi. İnsanlar arasında hələ də virusun varlığına şübhə ilə yanaşanlar var. Onlayn media, televiziyalar virusa yoluxanları çəkməli, müsahibə götürməli, yaranan mənzərəni real şəkildə ictimaiyyətə çatdırmalıdırlar. Efirlərdən şou xarakterli verilişləri yığışdırıb ən azı pandemiya dövründə gücü maarifləndirməyə vermək, efirə mütəxəssislər dəvət etmək, virusun təhlükəsini insanlara izah etmək lazımdır".
Həmsöhbətimiz deyir ki, hazırda yaranan mənzərə Operativ Qərargahın yarıtmaz işinin nəticəsidir: "Reallıq göstərir ki, onlar həvalə olunan işin öhdəsindən gələ bilmədilər. Bunu bacarmadılar. Çox təəssüf ki, ağıllı təklifləri də dinləmək istəmirlər. Virus gözə görünməyən silahdır. Onun yayılmasının qarşısını yumşalma ilə almaq olmaz! Virusa inanmayan, karantin tələblərini pozanları 50-100 manat cərimələməklə də iş düzəlmir. Belə insanlara skafandır geyindirib koronaviruslu xəstələrin müalicə aldığı müəssisələrə aparmaq lazımdır. Onlar orada həmin xəstələrin yatdığı palatada olsa, həmin palataları silib-süpürsə, xəstələrin yeməklərini daşısa buna inanacaq. Gəlib ətraflarına başlarına gələnləri danışacaq, o xəstələrin virusla necə mübarizə apardıqlarını anladacaqlar. Sərt karantin rejimi hərtərəfli aparılmalıdır ki, nəticə versin".
Ə. Rüstəm hazırkı vəziyyətdə ancaq Gürcüstan və Belarus kimi ölkələrin təcrübəsindən bəhrələnmək vacib olduğunu söyləyir. O, deyir ki, hazırki yoluxma sayı ilə yenidən ölkəmizdə ilk təcrübənin tətbiqi effekt verməyə də bilər.
İqtisadçı Samir Əliyev isə Sputnik Azərbaycan-a bildirib ki, karantinlə bağlı verilən qərarlar strateji yanaşmanın olmamasından irəli gəlir: "Operativ Qərargah əvvəl işə çox yaxşı başlamışdı. SMS icazə sistemi yoluxmanın qarşısını almaqda effekt verirdi. Amma sonradan müxtəlif təcrübələrdən istifadə edildi. İstənilən təcrübə tətbiq ediləndə yerli vəziyyət nəzərə alınmalı idi. İndi əsas düşündürücü məqam odur ki, yenidən ilkin vəziyyətə qayıtmaq əvvəlki nəticəni verəcəkmi? Çünki, burada mövsüm məsələsi də var. İnsanları evdə saxlamaq yox, toplaşmaq yerlərinin fəaliyyətini məhdudlaşdırmaq lazımdır. Bütün dünyada bunun çıxış yolunu tapmaq mümkün deyil. İnsanları qaydalara əməl etməlidirlər ki, yoluxma sayı azalsın".
S. Əliyev deyir ki, qəfil karantin qaydalarının dəyişməsi biznes üçün öldürücü zərbədir: "Əvvəl pandemiyadan zərbə alan sahələrə, insanlara dövlət tərəfindən yardım edildi. İndi hələ bilinmir ki, bu yardımlar yenidən olacaq, yoxsa olmayacaq. Çünki SMS icazə və bəzi sahələrdə fəaliyyətin tam dayandırılması bir aylıq yox, iki həftəlik tətbiq edildi. O zaman yardımlar qismən də olsa verilməlidir. Düşünürəm ki, düşdüyümüz vəziyyət sistemsiz verilən qərarların nəticəsidir".